"Uşaqlar durub qorxmasın deyə, meyiti yorğanla örtdüm" - Bakıdakı tükürpədən qətlin təfərrüatı / FOTO

Bakıda keçmiş arvadını boğaraq qətlə yetirməkdə təqsirli bilinən Rahib Babayevin cinayət işi üzrə təfərrüatlar məlum olub. 

Hadisə Suraxanı rayonu, Hasil Bayramov küçəsi ev 67-də baş verib.

Qeyd edilən ünvanda kirayədə yaşayan, 1991-ci il təvəllüdlü Orucəliyeva Ülviyyə Sulduz qızı keçmiş həyat yoldaşı, 1985-ci il təvəllüdlü Babayev Rahid Telman oğlu tərəfindən öldürülüb. Hadisədən sonra R.Babayev könüllü olaraq 31-ci polis bölməsinə gələrək təslim olub.

Təqsirləndirilən qismində dindirilərkən Rahib Babayev bildirib ki, Ülviyyə Orucəliyeva ilə 2010-cu ildə ailə əyatı qurub və həmin nikahdan iki övladları olub. 2016-cı ildə rəsmi qaydada boşanıblar.

2017-ci ilin mart ayında Ülviyyə ona zəng edərək yaşadıqları Salyan rayonundan Bakıya gəldiyini deyib. Onu qarşılamasını xahiş edib. Rahid onları Suraxanı rayonunda kirayədə qaldığı evə aparıb. Sonradan hadisə olan evə köçüblər. 

Birgə yaşamalarına baxmayaraq Babayev məhkəmənin iki övladı ilə bağlı təyin etdiyi aylıq alimenti də ödəyib. 

Noyabrın 11-də Ülviyyə işdən saat 24:00 radələrində çıxsa da, evə gecə saat 3-də gəlib. Gec gəlməsinin səbəbini öyrənmək istədikdə onunla mübahisə edib. Bıçaqla ona xəsarət yetirib.

Rahid Ülviyyənin əlindən bıçağı alıb sonra isə evdən gedib. 2017-ci il noyarbrın 17-nə kimi bilrikdə yaşayıblar. 

2018-ci il yanvarın 23-də Rahid uşaqları evə qoyub geri qayıtmaq istəyərkən Ülviyyə onu içəri dəvət edib. Etiraz etdikdə qolundan tutub uca səslə getsə, yenə arxasınca gələcəyini bildirib.
Rahid mübahisə yaranmaması üçün evə keçib. Bundan sonra Ülviyyə giriş qapısını açarla bağlayıb və onun cibindən telefonu götürüb divara çırparaq sındırıb. Ülviyyə onu heç yerə buraxmayacağını deyib. 

Qadın söyüşlər söydüyünə görə o, qapıdan tutub silkələyərək xoşluqla qapını açmasını tələb edib. Onun qolunu burub bıçağı əlindən alıb və sifətinə şillə vurub. Uşaqların qorxmaması üçün qışqırmamasını tələb edib. Hər ikisi sakitləşdikdən sonra Rahib burada qalacağını deyib və uzanaraq yatıb. 

Rahid Babayev ifadəsinin davamında bildirib ki, təxminən saat 2 radələrində Ülviyyə onu yuxudan oyadaraq evlənib-evlənmədiyini soruşduqda o, bu söz-söhbətdən yorulduğunu və yatmaq istədiyini deyib. Orucəliyeva söyüşlər söyməyə başlayıb. Artıq əsəbiləşən Babayev bildirib ki, ya o, ya da özü ölməlidir. Ülviyyənin üzərinə çıxıb, əlləri ilə boğazından tutub, dizlərini də, ayaqlarının hərəkət etməməsi üçün sıxıb. Sonuncu əlləri ilə mane olmaq istəsə də, Rahid bütün bədənini ona yönəltməklə buna imkan verməyib. Qadını boğduqdan sonra səsinin kəsildiyini görüb və əllərini buraxıb. Artıq onun keçindiyini hiss edib. 

Qapının açarını Ülviyyənin şalvarının cibindən taparaq qapını açıb və çölə çıxıb. Təxminən 500 metr piyada gedib. Kafeyə çatanda post patrul avtomaşının gəldiyini görüb əl edib. Yaxınlaşıb polis əməkdaşlarına arvadını öldürdüyünü deyib. 

Rahid Babayev qeyd edib ki, Ülviyyəni öldürəndə uşaqlar yatıb. Yuxudan oyanıb analarını ölmüş halda görüb qorxmamaları üçün meyiti yorğanla örtüb. 

Zərərçəkmiş şəxsin hüquqi varisi Sulduz Orucəliyev bildirib ki,  Rahid Bakıda olduğu müddətdə qızı Ülviyyə Salyan rayon məhkəməsinə müraciət edib. Onlar boşanandan sonra bir müddət sonra qızı onun razılığı və xəbəri olmadan uşaqları ilə Bakıya gedib. Sonra Rahid ona zəng edərək Ülviyyənin və uşaqların onunla birlikdə olduğunu bildirib. Bir neçə dəfə qızına baş çəkmək üçün Bakıya gəlib. Rahid onu narahat edirsə, polisə şikayət etməsini deyib. Ülviyyə isə Rahidin uşaqlarının atası olduğunu söyləyib. Hadisə baş verən günü qardaşı ona Rahidin Ülviyyəni öldürdüyünü deyib. 

Məhkəmə prosesində Rahid Babayev ittiham üzrə özünü qismən təqsirli bilib. 

Sonda məhkəmənin hökmü ilə Rahid Babayev CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum olunub./olke.az