Tramp və Zelenski mətbuat konfransından öncə "atışdılar" - UKRAYNA PREZİDENTİ AĞ EVİ ERKƏN TƏRK ETDİ / YENİLƏNİB

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla mübahisə etdikdən sonra Ağ Evi vaxtsız tərk edib.

Bu barədə "Reuters" məlumat yayıb.

    Bildirilib ki, ABŞ ilə Ukrayna arasında minerallarla bağlı razılaşma imzalanmayıb və prezidentlərin birgə mətbuat konfransı ləğv edilib.

    Ağ Ev mətbuat konfransının ləğv edildiyini təsdiqləyib.

    “Ukrayna Prezidenti Volodimir Zelenski və Prezident Donald Tramp artıq cümə günü birgə mətbuat konfrası keçirməyəcəklər”, - Ağ Ev rəsmisi bildirib.

    Ukrayna nümayəndə heyətinin də Ağ Evi tərk etdiyi bildirilir.

    **22:54

    Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla gərgin danışıqlardan sonra Oval kabineti erkən tərk edib.

    Bu barədə “Reuters” Ağ evin nümayəndəsinə istinadən məlumat yayıb.

    Qeyd olunub ki, Ukraynanın dövlət başçısı ABŞ-dən olan həmkarı ilə işgüzar nahar etməli idi və hər iki lider birgə mətbuat konfransı zamanı minerallar üzrə saziş imzalamağa hazırlaşırdılar.

    Lakin Zelenskinin zirehli yolsuzluq avtomobili Trampın “Truth Social”dakı paylaşımından bir neçə dəqiqə sonra qəfildən Ağ evin Qərb Qanadının qapısına yaxınlaşıb.

    Agentlik qeyd edib ki, hazırda danışıqların qrafikində heç bir dəyişiklik olmayıb.

    **

    **

    **22:51

    Ukrayna lideri Volodimir Zelenski ilə gərgin danışıqlardan sonra ABŞ Prezidenti Donald Tramp onun “sülhə hazır olmadığını” deyib.

    Stopnarkotik.az xəbər verir ki, müvafiq paylaşım Amerika liderinin “Truth Social” sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib.

    “O, Oval kabinetdə Amerika Birləşmiş Ştatlarına hörmətsizlik etdi. O, sülhə hazır olanda geri qayıda bilər”, – dövlət başçısı yazıb.

     

    *** 22:09

    ABŞ Prezidenti Donald Tramp və Ukrayna rəhbəri Vladimir Zelenski Ağ Evdə mətbuat konfransından öncə mübahisə ediblər.

    Xarici KİV-lər xəbər verir ki, söhbət Ukrayna münaqişəsinin sülh yolu ilə həlli perspektivlərindən gedəndə onlar bir-birinin sözünü kəsməyə başlayıblar.

      Tramp Zelenskinin milyonlarla insanın həyatı ilə oynadığını bəyan edib.

      “Ukrayna indi o qədər də yaxşı vəziyyətdə deyil. Mən bilirəm ki, siz qalib gəlmirsiniz. Əsgərlərinizin sayı tükənir. Ukraynada münaqişəyə son qoymağın vaxtıdır, Rusiya bunu istəyir. Ruslarla danışıqlarımız olub, Prezidentlə danışmışam. Və biz bunu sona çatdırmağa çalışacağıq”, - Tramp qeyd edib.