Məhkəmə-Hüquq Şurasının hakim və məhkəmə aparatı işçilərinin tədris ehtiyaclarının müəyyənləşdirilməsi ilə səlahiyyətləri genişləndirildikdən sonra qısa müddətdə bütün tədris proqramlarının benefisiarların ehtiyaclarına uyğun olaraq yenilənməsi təmin edildi.
Stopnarkotik.az xəbər verir ki, bunu Ali Məhkəmənin sədri İnam Kərimov Azərbaycan Hakimlərinin ilk Forumunda çıxış edərkən deyib.
Onun sözlərinə görə, Ədliyyə Nazirliyi ilə qurulmuş uğurlu əməkdaşlıq çərçivəsində bu proqramlara uyğun olaraq təkcə ötən il 550-dək hakim çoxsaylı təlim və ixtisasartırma kurslarına cəlb ediliblər:
"Hakimlər İttifaqının xətti ilə mülki və inzibati işlər üzrə ədalət mühakiməsinin həyata keçirilməsi sahəsində təşkil edilmiş təcrübə mübadiləsi proqramları da hakimlərimiz üçün faydalı olub.
Ədalət mühakiməsinin həyata keçirilməsində əlçatanlıq və çevikliyin artırılması məqsədi ilə məhkəmələrdə rəqəmsal texnologiyaların və süni intellektin tətbiqi artıq zamanın tələbidir. Bu baxımdan məhkəmələrin fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən uğurlu layihələrdən biri kimi “Elektron məhkəmə” informasiya sisteminin təkmilləşdirilməsi məsələlərinə xüsusi diqqət ayrılır.
Hazırda hakim korpusunun təklifləri nəzərə alınmaqla onun yeni, daha təkmil versiyasının hazırlanması üzərində işlər sürətləndirilib.
Şübhəsiz ki, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında ən mühüm cəhətlərdən biri vahid məhkəmə təcrübəsinin formalaşdırılmasıdır. Vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və hüquqi mövqeyinin proqnozlaşdırılan olmasını təmin etməklə, vətəndaşlara öz hərəkətlərinin hüquqi nəticələrini öncədən görmək imkanı verir ki, bu da öz növbəsində onların məhkəmələrə etimadını gücləndirir.
Bu baxımdan ötən dövr ərzində Ali Məhkəmə tərəfindən xeyli sayda təcrübəni müəyyən edən əhəmiyyətli qərarlar qəbul edilib, habelə bu təcrübəyə əlçatanlığın təmin edilməsi məqsədi ilə qərarların indeksləşdirilməsi qaydaları təsdiq edilərək, ictimaiyyət üçün açıq olan yeni axtarış sistemi istifadəyə verilib".