Sumqayıt şəhərində qətl hadisəsi törətməkdə təqsirli bilinən Teymur Sadıqovun cinayət işi üzrə təfərrüatlar məlum olub.
Hadisə Sumqayıt şəhərində baş verib. Astara rayon sakini, əvvəllər məhkum olunmuş Taleh Babazadə bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib və orada ölüb.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin Gədəbəy rayon sakini Teymur Sadıqov tərəfindən münaqişə zəminində törədilməsi müəyyən edilib. O, Şəmkir rayonu ərazisində tutulub.
İş üzrə dindirilmiş Teymur Sadıqov ifadəsində göstərib ki, 2017-ci ilin əvvəllərində Gədəbəy rayonunda iştirak etdiyi nişan mərasimində Sumqayıt şəhərində yaşayan həmyerlisi Vüsalə Dadaşova ilə tanış olub. Söhbət əsnasında rayonda iş tapa bilmədiyini söylədik də, qadın ona iş tapacağını vəd edib və şəhərə dəvət edib.
Bir neçə gündən sonra Sumqayıta gələn Teymuru qarşılayan Vüsalə "Köhnə Kotec" qəsəbəsində ona otaq kirayələyib. Sonra onu kafədə ofisiant işinə düzəldib. Bir neçə gündən sonra Vüsalənin təklifi ilə tək yaşadığı evə köçərək onunla birgə yaşayıb. Valideynlərinin və Sumqayıtda olan qohumlarının Vüsalə ilə yaşamasından məlumatı olmayıb.
Bir oğlu olan Vüsalə yoldaşından boşanandan sonra heç kimlə münasibəti olmadığını deyib. Amma may ayının ortalarında öyrənib ki, ondan əvvəl Vüsalə Taleh Babazadə ilə görüşüb. Dadaşovanın yalan danışması, ona pis təsir edib. Buna görə Gədəbəy rayonuna valideynlərinin yanına qayıdıb. Lakin ayrılığa dözməyib iyunun 20-də Vüsalənin yanına gəlib.
Talehlə danışıb görüşdüyünü bilmək üçün ondan xəbərsiz mobil telefonundakı danışıqlarını dinlədikdə, qadının həmin şəxslə telefon əlaqəsi saxladığını və onlar danışarkən Babazadənin onun ünvanına söyüşlər işlətməsini bilib.
İyunun 26-da Talehin işlədiyi Bakı şəhəri "20 Yanvar" metro stansiyasının yaxınlığında yerləşən Respublika Diaqnostika Mərkəzinə gedib. Xəstəxananın həyətində onunla görüşüb söhbət edib. Babazadə hərəkətlərinə və ünvanına işlətdiyi ifadələrə görə üzr istəyib. Onlar sakit ayrılıblar. Nəticədə o, söhbətin bitdiyini güman edib.
Teymur Sadıqov ifadəsinin davamında bildirib ki, buna baxmayaraq axşam saatlarında Taleh onun mobil telefonuna zəng edib iş yerinə gəldiyindən onunla ətraflı danışa bilmədiyini və münasibətlərini aydınlaşdırmaq üçün görüşmək istədiyini deyib.
Gecə saatlarında Babazadə yenə də zəng edib salam-kalamsız Vüsaləni telefona çağırmağı tələb etdikdə Sadıqov əmr formasında danışmasına iradını bildirib və telefonu söndürüb.
Ayın 27-si səhər saat 10:00 radələrində Taleh növbəti dəfə onunla əlaqə saxlayıb kobud tərzdə danışıb. Teymur baş verə biləcəy xoşagəlməz nəticələrdən uzaqlaşmaq üçün yalandan işdə olduğunu bəhanə gətirərək onunla görüşə bilməyəcəyini bildirib. Vüsalə işə getdikdən sonra evdə tək qalıb. Bir saatdan sonra zəng edən Taleh işlədiyi kafenin yanında onu gözlədiyini söylədikdə artıq onunla görüşdən yanınmağını qüruruna sığışdırmayıb.
Kafeyə çatarkən Babazadənin 4 nəfər tanımadığı oğlanla yol kənarında dayanıb söhbət etdiyini görüb, onlara yaxınlaşıb. Taleh ondan yaşca böyük və fiziki cəhəddən üstün olub. Yoldan sola dönüb qamışlıq sahəyə keçiblər.
Babazadə arxaya çevrilərək ona qəflətən yumruq atmaqla ünvanına söyüş söyüb. Lakin o, kənara çəkildiyindən zərbədən yayınıb. Teymur Talehin üstünə yetiyərək onu yumruqla vurub. Əlbəyaxa olarkən yerdən götürdüyü daş parçası ilə onun başına zərbə endirib.
Taleh onu və Vüsaləni söydüyünə görə Sadıqov bıçağı çıxarıb açaraq ona xəsarət yetirib. Kəsici alət Babazadənin sol döş qəfəsinə batıb. Bıçağı çıxardıqda həmin yerdən təzyiqlə qan axıb. Taleh müvazinətini itirərək yerə yıxılıb. Bunu görən digər şəxslər hadisə yerindən qaçıb. Teymur bıçağı yerə atıb, qaça-qaça yataqxanaya gəlib. Qana batmış paltarlarını dəyişib. Vüsaləyə zəng edib Talehi bıçağla vurub öldürdüyünü deyib.
Sumqayıtdan Bakı Avtovağzalına oradandan Gədəbəy marşurutu ilə Şəmkir rayonuna gedib. Mobil telefonunda sosial şəbəkə vasitəsi ilə xəbərlərə baxarkən törətdiyi hadisənin məlumatını görüb artıq axtarışda olduğunu başa düşüb. Həmin gecəni küçədə keçirib. Səhərisi gün isə Şəmkir rayon polis şöbəsinin əməkdaşları onu tutublar.
Məhkəmə prosesində Teymur Sadıqov ittiham üzrə özünü qismən təqsirli hesab edib.
Zərərçəkmiş Tural Babazadə təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini xahiş edib.
Sonda məhkəmənin hökmü ilə 1998-ci il təvəllüvlü Teymur Sadıqov 12 il müddətinə azadlıqdan məhrum olunub.
Hökmdən apellyasiya şikayəti verilib. Sumqayıt Apellyasi Məhkəməsinin hökmü ilə Teymur Sadıqovun cəzasını 10 il 6 aya endirilib.