“RUSİYANIN ƏSAS HƏDƏFİ POKROVSK DEYİL” - “Təchizat yollarını kəsməklə bu şəhərlərə tərəf irəliləməyə çalışır”

Xəbər verildiyi kimi, Rusiya qoşunları Donetsk vilayətinin vacib nəqliyyat qovşaqlarından birinin yerləşdiyi Pokrovsk istiqamətində təzyiqlərini davam etdirir və şəhərə yaxınlaşır. Belə təsəvvür yaranır ki, hazırda əsas hədəf Porkrovsku işğal etməkdir.

Ukrayna mətbuatına açıqlama verən hərbi ekspert Pavel Narojnının fikrincə, Rusiyaya Pokrovskun özü deyil, daha böyük və vacib şəhər olan Konstantinovkaya gedən yol lazımdır. 

O, qeyd edib ki, Pokrovskun yaxınlığında mühüm Mirnoqrad - Kramatorsk yolu var: “Kramatorskun arxasında növbəti şəhər Konstantinovka və Çasov Yardır. Çasov Yar bizim forpostdur, o, altı aydan çoxdur ki, dayanır, çünki onun qarşısında istehkam rolunu oynayan kanal var. Şəhər yüksəklikdədir, onu ala bilmirlər, buna görə də düşmən standart yolla - təchizat yollarını kəsmək yolu ilə irəliləməyə çalışır”.

Narojnının dediyinə görə, Konstantinovka yolundan 5-6 kilometr aralıda, Vozdvijenka kəndi ərazisində düşmənin yerləşdiyi ərazi var. İkinci hissə yoldan təxminən 7 kilometr uzaqlıqda olan Pokrovsk şəhərinin özüdür: “Lakin düşmən bir neçə həftədir ki, Vozdvijenkanı ələ keçirə bilmir, bu səbəbdən o, diqqətini Pokrovska cəmləyib. Orada(Ukrayna mövqelərində-red.) hərc-mərclik olduğunu deyə bilmərəm, bu, elə deyil. Düşmən gündə yüzlərlə metr sürətlə irəliləyir. Amma vəziyyət çətinləşib. Səfərbərlik gecikdiyinə görə, kifayət qədər adam yoxdur, canlı qüvvə çatışmır”.

Ekspert onu da vurğulayıb ki, Ukrayna tərəfinin müdafiəsini çətinləşdirən həm də Rusiya aviasiyasının üstünlüyü, böyük KAB bombaları ilə müdafiə mövqelərini dağıtmasıdır. Bunun qarşısı alınmayınca, müdafiə olunmaq çətin olacaq. Bunun üçünsə Ukrayna aviasiyası gücləndirilməli, ya da Ukraynaya həmin təyyarələrin qalxdığı Rusiyanın dərinliklərindəki aerodromları ABŞ və digər Qərb silahları ilə vurulmasına dair razılıq verilməlidir.

Bu arada “DeepState” araşdırma portalı bildirib ki, Rusiya işğalçı qüvvələri Novoqrodovka, Toretsk, Mixaylovka, Pavlovka, Panteleymonovka və Uqledar yaxınlığında irəliləyib.

Eyni zamanda, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib ki, avqustun 28-də 182 hərbi toqquşma baş verib. İşğalçılar əsas hücum səylərini Pokrovsk istiqamətində cəmləşdirir. Həmçinin, Kupyansk, Kuraxov və Toretsk istiqamətlərində qızğın döyüşlər gedir./azpolitika.info