Ermənistan Milli Təhlükəsizlik Xidməti Ermənistanda hakimiyyəti ələ keçirməyi planlaşdıran cinayətkar dəstəni yaxalayıb.
Ermənistan İstintaq Komitəsinin erməni mətbuatında dərc edilən məlumatına görə, əməliyyat tədbirləri zamanı dindirilmələr və 30-a yaxın axtarış aparılıb. 7 vətəndaşın, şəxsiyyəti hələlik müəyyən edilməmiş digər şəxslərlə birlikdə, hakimiyyəti zorla ələ keçirməyə hazırlaşdıqlarına dair sübutlar toplanıb.
İstintaq iddia edir ki, şübhəlilər 2024-cü il ərzində Ermənistanda hakimiyyəti ələ keçirməyə hazırlaşmaq məqsədilə üç aylıq hərbi təlimlər bəhanəsi və aylıq 220 min rubl mükafat müaqabilində Ermənistan vətəndaşlarını və Qarabağdan gedən erməniləri əməkdaşlığa cəlb ediblər. Onlara Rusiyada təlim keçəcəkləri və ağır silahların yeni növlərindən istifadə vərdişlərinə yiyələnəcəkləri, sonra isə Ermənistana qayıdaraq, hərbi vəzifələrini yerinə yetirəcəkləri vəd edilib. Lakin sonradan məlum olub ki, bu qruplaşmanın təşkilatçılarının məqsədi hərbi təlim yox, Ermənistanda hakimiyyəti ələ keçirmək olub. İşə götürülənlərin bəziləri çevrilişdə iştirakdan imtina edərək Ermənistana qayıdıblar: “Otuza yaxın axtarış və dindirmədən sonra Ermənistan vətəndaşları S.G., A.E., A.G., habelə Dağlıq Qarabağın keçmiş sakinləri A.M və A.S. S., digər şəxsiyyəti hələlik istintaq tərəfindən müəyyən edilməyən şəxslərlə birgə Ermənistanda hakimiyyəti zorakılıqla ələ keçirmək üçün şərait hazırlayıblar”.
İstintaq Komitəsinin bəyanatında deyilir ki, 7 nəfər barəsində cinayət işi başlanıb, onlardan 3-ü həbs edilib, 4-ü barəsində isə axtarış elan olunub.