İqlim dəyişiklikləri ölkəmiz üçün də aktualdır. Son 25 ildə Azərbaycanda temperatur anomaliyası 1,1 dərəcə təşkil edib.
Stopnarkotik.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Aqrobiznesin İnkişafı Forumunda çıxış edərkən deyib.
O qeyd edib ki, 2025-ci ildə orta temperatur 14,3 dərəcəyə çatıb. Bu isə əvvəlki dövrlərlə müqayisədə 1,6 dərəcə yüksəkdir. Ən yüksək orta temperatur isə 2021-ci ildə 16,2 dərəcə təşkil edib. İstilik dalğaları da tez-tez baş verir və daha uzun davam edir. Son illərdə Bakıda 29, Gəncədə 16, Şəkidə 41, Lənkəranda isə 5 istilik dalğası qeyd alınıb. 2025-ci ildə ən uzun istilik dalğası Şəkidə 14 gün, Bakıda isə 7 gün davam edib. Sel hadisələrinin sayı da artıb. 2015-ci ildə 15, 2020-də artıq 36, 2025-də 33 və 2026-da artıq siz özünüz görürsünüz ki, havalar və hadisələr necə başlayır. Bu rəqəmlər göstərir ki, biz artıq dəyişiklikləri müşahidə etmirik. Biz bu dəyişiklikləri yaşayırıq. 2026-ci ilin ilk aylarında bu tendensiyanı təsdiqləyir”.
O vurğulayıb ki, bəzi bölgələrdə yağıntının illik normasının yarısı cəmi bir neçə ayda qeydə alınıb. Aprel ayında isə bəzi rayonlarda yağıntı normaladan 1,5-3,5 dəfə Bakıda isə 5 dəfə çox olub”.
M.Babayev bildirib ki, ölkəmiz iqlim dəyişikliklərinə qarşı mübarizədə konkret hədəflər müəyyən edib.
“Yenilənmiş Üçüncü Milli Səviyyədə Töhfələr sənədinə əsasən, 2035-ci ilə qədər emissiyaların 1990-cı illə müqayisədə 40% azaltmağı üzərimizə götürmüşük. Eyni zamanda uzunmüddətli aşağı karbonlu inkişaf strategiyası hazırlanır. Ölkəmiz qlobal metan vədi təşəbbüsünə qoşulur və 2030-cu ilə qədər metan emissiyalarının azalması istiqamətində qlobal səylərə dəstəyini bəyan edib. Buhədəflərə nail olmaq üçün bütün sektorlar üzrə dekarbonizasiya tədbirlərinin dövlət qanunlaşdırma sənədlərinə inteqrasiyası həyata keçirilməlidir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş strateji prioritetlərə və qəbul edilmiş dövlət proqramlarına uyğun olaraq kənd təsərrüfatı sahəsində mühüm islahatlar həyata keçirilir. Resurslardan daha səmərəli istifadə, iqlimə davamlı yanaşmaların tətbiqi, müasir kənd təsərrüfatı və heyvandarlıq komplekslərinin formalaşdırılması atılan əhəmiyyətli addımlar sırasındadır".