Ərdoğan Donald Trampla telefonla danışıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-nin 45-ci prezidenti və prezidentliyə namizəd Donald Trampla telefon danışığı aparıb.

Bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Məlumata görə, telefon danışığı zamanı Trampa qarşı sui-qəsd və ondan sonra baş verən hadisələr müzakirə edilib.

Prezident Ərdoğan Donald Trampa qarşı sui-qəsdi bir daha pisləyərək, hücuma görə kədərləndiyini və tezliklə sağalmasını diləyib.

O, həmçinin sui-qəsd cəhdini demokratiyaya hücum kimi qiymətləndirib. Prezident bu mənfur hücumdan sonra Trampın cəsarətli mövqeyinin təqdirəlayiq olduğunu, proqramlarını fasiləsiz davam etdirməsinin demokratiyanı gücləndirdiyini və bunun Amerika xalqının uzaqgörənliyinə inamın göstəricisi kimi qiymətləndirilməli olduğunu bildirib.

Türkiyə Prezidenti ABŞ-də noyabrda keçiriləcək prezident seçkilərinin ABŞ xalqı və Türkiyə-ABŞ münasibətləri üçün faydalı olacağına ümid etdiyini vurğulayıb.