QANUNSUZ SİLAH, NARKOTİK, QADINLARIN ŞANTAJ EDİLMƏSİ... - Gəncədə saxlanılanlar var / FOTOLAR

Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli qurumlarının əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində şantaj yolu ilə pul tələb edən, qanunsuz olaraq odlu silah və narkotik saxlayan şəxslər saxlanılıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətindən məlumat verilib.

Baş İdarənin 2-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini olan xanıma məxsus fotoları sosial şəbəkələrdə paylaşacağı ilə hədələyərək ondan 2350 manat pul alan Yardımlı rayon sakini Alim Canəliyəv saxlanılıb.

Qeyd edək ki, polis əməkdaşları A.Canəliyevi zərərçəkən xanımdan sonuncu dəfə 5000 manat almaq üçün Gəncə şəhərinə gələn zaman saxlayıb.

Şöbə əməkdaşlarının keçirdikləri digər müvafiq tədbirlər nəticəsində isə qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən Osman Mərdanov saxlanılıb. Şübhəli şəxsin əlindəki torbadan 1 ədəd lüləsi və qundağı kəsilmiş tüfəng və həmin silaha aid olan patronlar aşkar edilərək götürülüb.

Bundan başqa Baş Polis İdərəsi və onun tabeli qurumlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən şəxslər də saxlanılıb.

Üzərlərindən “metamfetamin” “heroin” və digər narkotik maddələr aşkarlanan şəxslər barəsində araşdırmalar davam etdirilir.

Stopnarkotik.az