Bakıda qızını boğaraq qətlə yetirməkdə təqsirli bilinən Ələkbər Bağırovun cinayət işi üzrə təfərrüatlar məlum olub.
Stopnarkotik.az olke.az-a istinadən xəbər verir ki, dekabrın 30-da saat 12 radələrində Ələkbər Bağırovun Xətai rayonu 37-ci Polis Bölməsinə gələrək qızı İradə Paşayevanı öldürdüyünü bildirməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılan araşdırmalarla zərərçəkmişin atası Bağırov Ələkbər Qasım oğlunun aralarında yaranmış münaqişə zamanı İradə Paşayevanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Ələkbər Bağırov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
İş üzrə indirilmiş Ələkbər Bağırov bildirib ki, qızı İradə iki dəfə ailə həyatı qurub. Birinci nikahdan 1, ikincisindən isə 2 övladı dünyaya gəlib.
İlk vaxtlar qızınını ikinci dəfə evləndiyi R.P ilə münasibətləri normal olub. Ələkbər öz ailəsi ilə birlikdə Xaçmazda, qızı isə Bakı şəhərində yaşayıb. Sonradan qızının həyat yoldaşı Rasim (ad soyad şərtidir) İradənin ona xəyanət etməsi barədə şübhələrinin olduğunu bildirib. Ərlə arvad arasında narazılıqlar yarandığından Ələkbər Bağırov paytaxtda gələrək onları barışdırıb.
Hadisə bundan sonra yenə təkrarlandığından bu dəfə Rasim övladlarını da, götürərək anası evinə gedib. Qayınatasına isə qızının xəyanəti barədə məlumat verib. Atası məcbur qızının yaşadığı evə gələrək onunla bu bərədə söhbət aparıb. Qızı isə deyilənlərin yalan olduğunu bildirib.
Ələkbər Bağırov belə olan təqdirdə qızından qayınanasıgilə gedərək məsələni orada aydınlaşdırmağı bildirib. Bu zaman İradə atasına şəxsi işlərinə qarışmamasını deyib və onu təhqir edib.
"Qızımdan soruşdum ki, bu nə məsələdir? Dedi ki, məni şantaj edirlər. Dedim, günahkar deyilsənsə, onda gedərik qaynanangilə, orada aydınlaşdırarıq. Gecəni qızımın evində qaldım. Səhər tezdən ondan qayınanasıgilə getməyi tələb etdim. İradənin yerindən tərpənmədiyini görüncə qolundan yapışdım. Aramızda mübahisə yarandı. İradə məni sinəmdən geri itələyib, “get işinlə məşğul ol, mənim işlərinə qarışma”, dedi. Nalayiq sözlərlə məni təhqir elədi. Dedim, bala, günahsızsansa, gedək sübut elə. Getmək istəmədi, mənə "alçaq, vicdansız" dedi. Dəhlizdə idman qanteli vardı, onu götürüb İradəyə yaxınlaşdım. Həmin idman aləti ilə onun başından vurdum, şokda idim, özümü itirmişdim. Bir də onda ayıldım ki, oturmuşam üstündə, əllərim boğazındadır...”
Hadisədən sonra Ələkbər Bağırov polis bölməsinə gedərək törətdiyi cinayəti etiraf edib.
Məhkəmə iclasında qızını boğaraq qətlə yetirən Ələkbər Bağırov ittiham üzrə özünü qismən təqsirli bilib.
Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə qarşı hər hansı bir şikayətinin olmadığını bildirib.
Sonda məhkəmənin hökmü ilə 69 yaşlı Ələkbər Bağırov 9 il müddətinə azadlqıdan məhrum olunub.