Putinin qızları beynəlxalq foruma qatılır – Hər ikisi çıxış edəcək...

Bu gün start götürən Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPIEF) Rusiya Prezidenti Vladimir Putinin hər iki qızı - Katerina Tixonova və Mariya Vorontsova ilk dəfə çıxış edəcəklər.

Rusiya mətbuatı xəbər verir ki, bu barədə forumun proqramında məlumat yerləşdirilib.

Qeyd olunur ki, Putinin qızları builki tədbirin proqramına yalnız bir gün əvvəl, iyunun 4-də əlavə ediliblər.

Putinin kiçik qızı, “İnnopraktika” şirkətinin baş direktoru Katerina Tixonova iyunun 6-da texnoloji suverenliyin təmin edilməsində hərbi-sənaye kompleksinin roluna həsr olunmuş paneldə onlayn çıxış edəcək.

Prezidentin böyük qızı, Rusiya Elmin Təbliği Assosiasiyasının rəyasət heyətinin üzvü Mariya Vorontsovanın çıxışı isə iyunun 7-nə planlaşdırılıb. O, Peterburq Forumunda şəxsən iştirak edəcək və yüksək texnologiyaların inkişafı haqqında danışacaq.

Forumda adətən yalnız Katerina Tixonova çıxış edir. Mariya Vorontsova 2019 və 2021-ci illərdə SPİEF-ə qonaq kimi gəlib.

Bu il Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu iyunun 5-dən 8-dək keçiriləcək. Builki forumun əsas mövzusu “Çoxqütblü dünyanın əsası yeni inkişaf nöqtələrinin formalaşmasıdır” kimi formalaşdırılıb.

Tədbirdə 17 mindən çox insanın - Misir, Qazaxıstan, Türkiyə, Çin, ABŞ, Böyük Britaniya, Hindistan və digər ölkələrdən nümayəndə heyətləri və media nümayəndələrinin iştirak edəcəyi gözlənilir.

Builki forumun əsas qonaqları ABŞ və Qərb ölkələrini kəskin tənqid edən Boliviya prezidenti Luis Larse və Zimbabve prezidenti Emmerson Mnanqaqva olacaq.

2006-cı ildən Vladimir Putin SPİEF-ə gəlir. O, sabah Boliviya və Zimbabve prezidentləri ilə danışıqlar aparacaq, iyunun 7-də isə onlarla birlikdə SPİEF-in plenar iclasında iştirak edəcək.