Rusiya Prezidenti Vladimir Putin Daxili İşlər Nazirliyinin bir sıra qanun pozuntularına görə xarici vətəndaşları məhkəmə qərarı olmadan ölkədən çıxarmaq hüququ haqqında qanun imzalayıb.
Stopnarkotik.az report-a istinadən xəbər verir ki, bu barədə sənəd hüquqi informasiya portalında dərc olunub.
“Federal qanun layihəsi <...> xarici vətəndaşların deportasiyası və inzibati qaydada qovulması mexanizmlərinin unifikasiyasına və onların ölkədən çıxarılması səlahiyyətlərinin daxili işlər orqanlarında (polis) cəmləşdirilməsinə yönəlib”, – qanunun şərhində qeyd olunub.
Sənədə əsasən, polis əməkdaşları qanunvericiliyə zidd olaraq inzibati xətalara, o cümlədən narkotik vasitələrin daşınmasına, ictimai yerlərdə spirtli içki qəbul etməsinə, habelə pedofiliya və qeyri-ənənəvi cinsi əlaqəni təbliğ etməyə, vicdan və dini azadlıq haqqında qanunvericiliyi pozmaqla missionerlik fəaliyyətinə görə xarici vətəndaşların ölkədən çıxarılması barədə müstəqil qərar qəbul edə bilər.
Qeyd olunub ki, yeni tədbirlər qanunun imzalanmasından 180 gün sonra qüvvəyə minəcək, buna qədər əcnəbilərin inzibati qaydada çıxarılması ilə bağlı qərarları yalnız hakimlər və sərhədçilər qəbul edə bilər.
Dövlət Dumasının sədri Vyaçeslav Volodin qeyd edib ki, yeni rejim sənədlərinin müddəti bitmiş və ya ləğv edilmiş, yaxud qanun pozuntusuna yol vermiş miqrantlara şamil ediləcək: “Əcnəbilər xüsusi reyestrə salınacaq və onlar özləri yerləşdikləri yer haqqında polisə məlumat verməlidirlər”.
Xatırladaq ki, daha əvvəl 2024-cü ilin iyununda Dövlət Duması miqrasiya sahəsində nəzarəti gücləndirən qanun layihələri paketini təsdiqləmişdi.