Rusiya prezidenti Vladimir Putinin Özbəkistana səfəri artıq üçüncü gündür ki, davam edir. Əvvəlcədən 2 günlük nəzərdə tutulan səfərin uzanması hər iki ölkədə maraq doğurub.
Musavat.com TASS-a istinadən xəbər verir ki, səfər müddətinin artmasının səbəbi ilə bağlı sualı cavablandıran Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, iki ölkə lideri arasında məzmunlu söhbətlər üçün çoxlu mövzular var.
Onun sözlərinə görə, prezidentlərin söhbəti gecə saat 3-ə qədər davam etdiyi üçün Özbəkistan lideri Şavkat Mirziyoyev rusiyalı həmkarını evinə dəvət edib: “"Dünən ikisi təxminən səhər saat üçə qədər danışdılar. Özbəkistan prezidenti Rusiya prezidentini yaşadığı evə dəvət edib. Bu, tamamilə xüsusi ünsiyyətdir, əsl şəxsi dostluqdur”.
Peskovun sözlərinə görə, səfərin üçüncü, əlavə günündə iki ölkə liderləri “hava limanına getməzdən əvvəl birlikdə yarı şəxsi, yarı iş səhər yeməyi yeməyə” qərar veriblər: “Bu, sadəcə söhbət deyil: tamamilə hər şeyin praktiki əhəmiyyəti var və ən ciddi məsələlər müzakirə olunur. İkitərəfli münasibətlərin əhatə dairəsi və gündəliyi o qədər məzmunlu, o qədər spesifik və o qədər genişdir ki, dövlət başçıları tərəfindən kifayət qədər ətraflı müzakirələr tələb olunur. Bu, həm də Rusiya nümayəndə heyətinin görünməmiş böyük tərkibini izah edir”.