Prezident İlham Əliyev Moskvada Qələbə paradına qatılmayacaq - RƏSMİ

Azərbaycan Prezidenti İlham Əliyev Moskvada təşkil olunacaq 9 May Qələbə Paradına qatılmayacaq.

Bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

Uşakov qeyd edib ki, Rusiya tərəfi 9 May paradı üçün bir sıra ölkələrin liderlərini dəvət etsə də, onların bəziləri tədbirdə iştirak etməyəcək.

Prezident İlham Əliyev də iştirak etməyəcəyini bildirən liderlər sırasındadır.

Qeyd edək ki, Azərbaycan liderinin Moskva səfərini ləğv etməsinə təsir göstərən bəzi amilləri aydın olub. 

Birincisi, AZAL-ın sərnişin təyyarəsinin qəzaya uğramasından 5 ay keçsə də, Rusiya tərəfindən hər hansı əməliyyat istintaq tədbirləri aparılmayıb, eləcə də bu hadisədə günahı olanlar tapılaraq məsuliyyətə cəlb olunmayıb. 

Eyni zamanda, bir müddət əvvəl Azərbaycanın bir sıra media resurslarına kiberhücumların Rusiyadan edildiyi təsdiqini tapıb. Moskva bu məsələyə də aydınlıq gətirməyib.

Bundan başqa, bir neçə gün əvvəl Azərbaycan parlamentinin üzvü Azər Badamovun Rusiyaya girişinə qadağa qoyulub, o, Moskvada aeroportda saxlanılaraq, deportasiya edilib. Rusiya tərəfi isə məsələ ilə bağlı əsaslandırılmış hər hansı açıqlama verməyib.

Bütün bu amillərin Azərbaycan Prezidentinin Moskvaya səfərinin təxirə salınmasına təsir göstərdiyi bildirilir.

Xatırladaq ki, Rusiya paytaxtında hər il 9 may tarixində İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin ildönümünə həsr olunmuş hərbi parad keçirilir.

Stopnarkotik.az