Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının təşkilatçılığı ilə Qosmalian kənd tam orta məktəbində "Narkomaniya cəmiyyətin qəddar düşmənidir" mövzusunda maarifləndirici görüş keçirilib.
Stopnarkotik.az xəbər verir ki, çıxış edən Lerik RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Anar Şıxəliyev bildirib ki, narkomaniya, narkotik tərkibli maddələrin istehsalı və onlardan istifadə bəşəriyyətin varlığını və inkişafını təhdid edən ən təhlükəli problemlərdən biri olmaqda davam edir. Narkomaniyanın fəsadları, miqyası artdıqca onunla mübarizə daha da aktuallaşır. Bu baxımdan polis əməkdaşları hazırki dövrdə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli əməliyyat tədbirləri həyata keçirməklə yanaşı maarifləndirmə işlərini də təşkil edir, yeniyetmə və gənclərin bu bəlaya qarşı daha çox məlumatlı olmasına çalışırlar. Çıxışlarda qeyd olunub ki, narkomaniyanın profilaktikası ilə bağlı işlərin təşkilində cəmiyyətin, ailənin də dəstəyi xüsusilə önəmlidir. Valideynlər övladlarını bu kimi təhlükələrdən qorumaq üçün onlarla psixoloji söhbətlər aparmalı, zərərli vərdişlər haqqında lazımi məlumatları verməlidirlər.