“Strategiya düzgün seçilib və bu, bizə lazım olan nəticəni verəcək”
“6 gündür Rusiya Pokrovska doğru bir addım da irəliləməyib”
Məlum olduğu kimi, bir çox ekspertlərin gözlədiyinin əksinə olaraq, Ukraynanın Kursk vilayətində başlatdığı gözlənilməz hücum əməliyyatı bir aydan artıqdır davam edir və Rusiya faktiki olaraq, İkinci Dünya Müharibəsindən sonra ilk dəfə öz ərazilərinin işğalı faktı ilə üz-üzə qalmaqdadır. Onun Ukrayna bölmələrini hələ də bu ərazidən çıxara bilməməsi isə “dünyanın ikinci ordusu”nun imkanlarının həddindən artıq şişirdildiyini bir daha ortaya qoyur…
Ukrayna Sialhlı Qüvvələri Baş komandanı, general Aleksandr Sırski Kursk əməliyyatının əhəmiyyəti və nəticələri ilə bağlı “CNN”kanalına açıqlamasında bu hücumun əsas məqsədlərinə nail olunduğunu deyib. Onun sözlərinə görə, Ukrayna Kursk vilayətini ona görə seçib ki, bura Rusiya işğalçı ordusunun müdafiəsində ən zəif nöqtə olub.
Bununla bərabər, Sırskinin dediyinə görə, Rusiya bu ərazidən xüsusən də Ukraynanın Sumı vilayətinə hücum üçün tramplin kimi istifadə etməyi planlaşdırmışdı. Belə ki, ruslar bu il mayın 10-da Xarkov istiqamətində hücumdan bir neçə gün sonra həmin istiqamətdə də sərhədi yarmaq niyyətində olublar: “Bizim üçün bu istiqamət həmişə təhlükə yaradıb, ona görə də öz imkanlarımızı qiymətləndirərək, düşmənin müdafiəsində, onun strukturunda ən zəif nöqtəni seçmişik”.
Sırskinin sözlərinə görə, Kursk əməliyyatı işğalçı ordunun Sumıya hücumu təhlükəsini azaldıb, Rusiyanın burada hərəkətə keçməsinin qarşısını alıb və nəticədə müharibəni düşmən ərazisinə köçürüb: “İndi bizim hər gün hiss etdiyimizi hiss etsinlər”.
Bundan əlavə, Sırskinin dediyi kimi, Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində öz təhlükəsizlik zonasını yaradıb. Onun sözlərinə görə, ruslar Xarkov vilayətində itkilər verməyə başlayanda Kursk vilayətində olan öz bölmələrini Xarkova köçürməyə məcbur olublar. Buna görə, Kursk zəif nöqtəyə çevrilib. Lakin əməliyyatın uğursuzluğuna baxmayaraq, işğalçılar öz planlarından əl çəkmək istəməyiblər və Xarkovda “gələcək hərəkətləri üçün trampling yaratmaq üzərində düşünüblər”.
Sırski əlavə edib ki, may ayında Sumıya hücumun Rusiya tərəfindən müvəqqəti olaraq təxirə salındığı aydınlaşanada, Ukaryna hərbi-siyasi rəhbərliyi hərəkətə keçmək və Kursk əməliyyatını hazırlamaq qərarına gəlib. Eyni zamanda, Kursk vilayətindəki əməliyyat sayəsində nəinki Sumı vilayətinin təhlükəsizliyini təmin etmək, həm də əsir mübadiləsi fondunu rus əsgərləri ilə doldurmaq mümkün olub.
Pokrovsk istiqamətilə də bağlı danışan Sırski deyib ki, “Ukrayna Pokrovsku itirməmək üçün əlindən gələni edir və Kursk əməliyyatının buna köməyi var”. Onun dediyinə görə, Kursk əməliyyatı xüsusilə də Rusiyanın öz bölmələrini manevr etdirmək, rotasiya həyata keçirmək və s. imkanlarından məhrum edib ki, bu da çox önəmli nəticədir.
Generalın sözlərinə görə, nəticədə son 6 gündə düşmən Pokrovska doğru bir metr də irəliləməyib. Odur ki, Ukraynanın strategiyası işləyir və hazırda Pokrovsk ərazisində müdafiəni gücləndirirlər: “Əlbəttə, düşmən ən çox təlim keçmiş hissələrini Pokrovsk istiqamətində cəmləşdirdi, lakin biz onu bölmələrini manevr etdirmək və ehtiyat hissələrini başqa istiqamətlərdən buraya köçürmək imkanından məhrum etdik”.
O, vurğulayıb ki, Rusiya Pokrovsk rayonundan bir dəniz piyada briqadası istisna olmaqla, Kurska qoşun köçürməsə də, indi işğalçılar əvvəlki kimi ehtiyatlarını manevr etdirə bilmirlər. Həmçinin, Rusiyanın zəifləməsi digər sahələrdə də hiss olunur. Nəticədə artilleriya atışlarının sayının və hücum hərəkətlərinin intensivliyinin azalması qeydə alınır.
“Pokrovsk istiqaməti, əslində, bizim üçün ən problemli istiqamət olaraq qalır. Digər istiqamətlərdə vəziyyət sabitləşib, ona görə də inanıram ki, bu strategiya düzgün seçilib və bu, bizə lazım olan nəticəni verəcək” – deyə, o, bildirib.
Bu arada ABŞ Müharibə Araşdırmaları İnstitutu(ISW) bəyan edib ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk əməliyyatı bütün hərbi əməliyyatlar teatrına təsir edib. Amerikali mütəxəssislər hesab edir ki, hətta Pokrovska hücum başa çatdıqdan sonra da Kurskda baş verənlər Rusiya ordusunun hücum və müdafiə imkanlarının müəyyən edilməsində əhəmiyyətli rol oynayacaq.
Eyni zamanda, Kursk əməliyyatı Rusiyanın müharibəni sonsuza qədər uzatmaq resurslarına malik olmadığını göstərir./azpolitika.info