Ukraynanın Rusiyanın Kursk vilayətində keçirdiyi hücum əməliyyatı bir qədər ləngisə də, davam etməkdədir.
Tanınmış ukraynalı hərbi ekspert Sergey Zqurets Kurskda davam edən əməliyyatın “operativ mobil qruplar” konsepsiyası ilə aparıldığını deyib: “İkinci Dünya Müharibəsi illərində bu cür qruplar Sovet ordusunun Almaniyaya qarşı effektiv hücum taktikalarında istifadə olunub. Rusiya ordusu bu nəzəriyyəni unudub, amma göründüyü kimi, Sırski İkinci Dünya Müharibəsinin tarixini yaxşı bilir və onu müasir texnologiyalara uyğunlaşdırır”.
Zqurets təsdiqləyib ki, Ukrayna ordusu Rusiya Federasiyası ərazisində 1000 kvadrat kilometr əraziyə nəzarəti təmin edib.
Onun sözlərinə görə, Ukraynanın hücum əməliyyatları dörd istiqamətdə inkişaf edir: "Onlardan ikisi düşmən ərazisinin dərinliklərinə yönəldilib. Bunlar Lqov və Kurskdur. Digər iki istiqamətdən biri platsdarmın qərbə doğru genişlənməsini təmin edən və yaxınlığında döyüşlərin davam etdiyi Korenevo, eləcə də Rılskdır. Daha bir istiqamət isə Sudjadan şərqdəki bütün əraziləri əhatə edən sağ cinahdır”.
Ekspert əlavə edib ki, Rusiya bölgəyə ehtiyat qüvvələr cəlb etməyə çalışsa da, bunlar döyüş zonasına yaxınlaşdıqca məhv edilir.