İranda keçiriləcək 14-cü prezident seçkiləri üçün namizədlərin müraciət prosesi 5-ci gündür ki davam edir.
Stopnarkotik.az xəbər verir ki, İranda iyunun 28-də keçirilməsi planlaşdırılan 14-cü prezident seçkiləri üçün namizədlərin müraciəti Daxili İşlər Nazirliyində qəbul edilir.
Prosesə mayın 30-da başlanılıb və bu gün axşam başa çatacaq.
Bu gün sabiq deputat Vahid Cəlalzadə Daxili İşlər Nazirliyinə gələrək 14-cü prezident seçkilərində namizədliyini irəli sürüb.
Daha bir keçmiş deputat - Ərdəşir Mütəhhəri də qeydiyyatdan keçmək üçün Daxili İşlər Nazirliyinə gəlib.
Keçmiş kənd təsərrüfatı naziri Məhəmməd Rza İsgəndəri prezident seçkilərində namizəd olmaq üçün qeydiyyatdan keçib.
İyunun 28-də keçiriləcək prezident seçkilərində millət vəkili Əli Azəri namizədliyini irəli sürüb.
Keçmiş deputat Hamit Kərimi namizədlik üçün müraciət edib.
Keçmiş əmək naziri Məhəmməd Nazimi Erdekani Daxili İşlər Nazirliyinə gələrək 14-cü prezident seçkilərində namizəd olmaq üçün qeydiyyatdan keçib.
Kirmanşahın millət vəkili Qasım Casemi prezident seçkilərində namizəd olmaq üçün sənədlərini Daxili İşlər Nazirliyinə verib.
Keçmiş qadın millət vəkilləri Zöhre Elahiyan və Həmidə Zərabadi də namizəd olmaq üçün Daxili İşlər Nazirliyinə müraciət ediblər.
İran Ekspertlər Şurasının keçmiş üzvü Hüccətul İslam Əhməd Əkbəri 14-cü prezident seçkilərində namizəd olmaq istəyənlər arasındadır.
Daxili İşlər Nazirliyinə gələn sabiq deputat Kamran Destcerdi də prezident seçkilərində namizəd olmaq üçün ərizə verib.
Sabiq deputat Həsən Sübhani Daxili İşlər Nazirliyinə gələrək 14-cü prezident seçkilərində namizədliyini irəli sürüb.
İran İslami Şura Məclisinin keçmiş deputatı İlyas Naderan prezident seçkilərində namizəd olmağa iddialıdır.
“Seçkilərdə iştirak emək üçün namizədliyini irəli sürənlərin ümumi sayı artıq 37 nəfərə çatıb”, - deyə İran Seçki Şurasının sözçüsü Muhsin İslami mətbuata açıqlamasında deyib.
Sabah-dan iyunun 4-dən etibarən Konstitusiyanın Keşikçiləri Şurası namizədlərin ölkə prezidenti postunun tələblərinə uyğun olub-olmadığını müəyyən etmək üçün bir həftə ərzində sənədləri araşdıracaq. Namizədlərin yekun siyahısı iyunun 11-də açıqlanacaq.
Namizədlərə təşviqat kampaniyası aparmaq üçün 14 gün ayrılacaq.
İranda növbədənkənar prezident seçkiləri iyunun 28-nə planlaşdırılıb. Namizədlərdən heç biri lazımi miqdarda səs yığa bilməsə, iyulun 5-də ən çox səs toplayan iki namizədin iştirakı ilə seçkilərin ikinci turu keçiriləcək.
İran qanunvericiliyinə əsasən, prezident birbaşa ümumi səsvermə yolu ilə dörd il müddətinə seçilir. Eyni şəxs ardıcıl iki müddətdən çox dövlət başçısı seçilə bilməz. Prezident postuna namizəd olmaq istəyən şəxs 40-75 yaşlarında, dövlət qurumlarında rəhbər vəzifələrdə iş təcrübəsinə malik İran vətəndaşı olmalıdır.
Mayın 19-da İranın şimalındakı Şərqi Azərbaycan əyalətində göyərtəsində ölkə prezidenti İbrahim Rəisinin və xarici işlər naziri Hüseyn Əmir Abdullahianın olduğu helikopter qəzaya uğrayıb. Helikopterdə olan 9 nəfərin hamısı həlak olub./modern.az