İRAN YENƏ BAKINI HƏDƏLƏYİR - Tehran öz narkotik məhkumlarını niyə geri almaq istəyir?

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın baş naziri Nikol Paşinyan Ağ Evdə “Vaşqinqton bəyannaməsi” imzaladılar. Beləliklə, 9 Avqust tarixə sülhə gedən yol kimi yazıldı.

Bu hadisə dünya mediasının gündəmində əsas mövzu kimi müzakirə olunur. Və bu sənədin imzalanmasına paralel olaraq Rusiya ilə İranın mövqelərinin laxlaması göz önündədir. Rusiya lideri Putinin gecəyarısı təcili fövqəladə toplantı çağırması Kremlin çıxılmaz vəziyyətini bəlli edir.

İranla bağlı da vəziyyət oxşardır. Hərçənd, İran hakimiyyətində prezident Pezeşkianla mollabaşı Xomeyninin mövqeyi arasındakı fərqlər göz önündə olacaq qədər sezilir. Amma burada İranın siyasi isteblişmenti tərəfindən rəsmi Bakıya qarşı ortaya qoyulan mövqe zərrə qədər dəyişməyib.

Qeyd etmək yerinə düşər ki, baş verənlər fonunda İran tərəfinin saldığı cığır-bağır onu daha da çox cılızlaşdırır. Bəs İranın saldığı çığıb-bağır ritorikasının mahiyyəti nədən ibarətdir?

İranın siyasi molla cinahı iddia edir ki, Azərbaycan həbsxanalarındakı iranlılar qeyri-insani və qeyri-qanuni rəftarla üzləşirlər. Konkret olaraq, bu sözləri İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Əmir Moqadam səsləndirib. İranlı rəsmi bunu “Tabnak” xəbər agentliyinə müsahibəsində bildirib. Onun sözlərinə görə, Azərbaycanda iranlı məhbuslar şəxsi düşmənçilik zəminində qeyri-insani və qeyri-qanuni rəftara məruz qalırlar və parlament komissiyasının bu yaxınlarda keçirilən iclasında İran xarici işlər nazirinin konsulluq məsələləri üzrə müavini Azərbaycan həbsxanalarında ölkə vətəndaşlarına qarşı qeyri-adekvat rəftar faktlarını təsdiqləyib.

"Azərbaycanda iranlılar şəxsi antipatiyanın diktə etdiyi qeyri-insani və qeyri-qanuni rəftarla üzləşirlər. Bu, təkcə beynəlxalq insan hüquqları standartlarının kobud şəkildə pozulması deyil, həm də cinayətin birbaşa təzahürüdür", - deputat vurğulayıb.

Moqadam İran hakimiyyətini Bakının xaricdə İran vətəndaşlarının hüquq və ləyaqətini pozan hərəkətlərinə cavab olaraq daha qəti və sərt addımlar atmağa çağırıb.

Bu iddiaları İran XİN də səsləndirib. XİN sözçüsü İsmail Bəqayi ölkəsində keçirilən mətbuat konfransında bildirib ki, Tehran Azərbaycan həbsxanalarında İran vətəndaşlarına qarşı zorakılıq halları ilə bağlı “narahatedici” xəbərlər alıb.

"Biz Bakıya etiraz və narahatlıq ifadə edən çoxsaylı notalar göndərmişik. Məhbuslarla düzgün rəftar bizim insan hüquqları prinsiplərinə əsaslanan qanuni mövqeyimizdir", - Baqai deyib. Sözçü həmçinin xatırladıb ki, “iki ölkə arasında məhkumların təhvil verilməsi ilə bağlı razılaşma” var və bu məsələ İran Xarici İşlər Nazirliyinin gündəliyindədir. İran Azərbaycandan konsulluq hüquqlarına və beynəlxalq öhdəliklərə hörmət etməyi tələb edir.

İndi gələk bu narazılığın nüanslarına. Tehranın birdən-birə məhz indi, Vaşinqton deklarasiyası fonunda Azərbaycan həbsxanalarında cəza çəkən iranlı məhkumlara qarşı zorakılıq halları ilə bağlı açıqlaması təsadüf deyil. Gün kimi aydındır ki, Tehran Bakı-Ankara tandeminin töhfəsi, Trampın müşayiəti ilə Vaşinqton-Bakı-İrəvan yaxınlaşmasının nəticələrini təxmin edə və 9 Avqust anlaşmasını da proqnozlaşdıra bilirdi. Tehran bunun ona nə vəd etdiyi ehtimallarından da xəbərdardır. Zəngəzur dəhlizinin baş tutması və ABŞ-ın da layihəyə qoşulması o deməkdir ki, İran Ermənistana Gürcüstandan keçərək Avropa bazarına çıxarmaq üçün rahat-rahat narkotik daşıya bilməyəcək. Ən azı bundan marşutun qorunmasına “cavabdehlər” xəbərdar olacaq. Eynilə, Zəngəzurun açılması ilə Tehranın geosiyasi təsiri azalacaq, Bakınınkı isə artacaq. Bakı Moskvaya sərgilədiyi “dik münasibəti” Tehrana da göstərəcək. Bu isə “siyasi molla silki”nin ürəyincə deyil. Zəngəzur dəhlizi simasında Azərbaycanın qlobal uğurları İran “molla silki”nin “kürkünə birə salıb”. Ona görə Tehran “nala-mıxa vurmağa başlayıb”. Hərçənd, baş verənlərdən hələ ki, Pezeşkianın etiraz səsi gəlmir, böyük ehtimalla da gəlməyəcək. Sözsüz ki, İranın “məhkum vətəndaşlarla bağlı narahatçılığı”nın altında siyasi səbəb yatır, yəni bu iddiaların rəngi siyasidir. İranlı məhkumlara qarşı heç bir zorakı rəftardan söhbət getmir. İndi gəlin görək bizim həbsxanalardakı iranlı məhkumlar ittiham tərkiblərinə görə kimlərdir?

Azərbaycan həbsxanalarındakı iranlı məhbuslar “narkotik cinayətiləri” ilə assosiasiya olunur. Yəni İran vətəndaşları bizdə əsasən qeyri-leqal narkotik ticarəti ilə bağlı həbsə düşürlər. Xatırlayırsınızsa, 2023-cü ilin yayında mediada Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin həbsxanalarında cəza çəkən 200 nəfər iranlı məhbusun ekstradisiyasına hazırlıq getməsi haqda xəbərlər var idi. Stopnarkotik.az saytı da bu haqda “Penitensiar Xidmət 200 nəfər iranlı narkotaciri ekstradisiya edir – ONLAR QARŞILIQSIZ OLARAQ MOLLA REJİMİNƏ TƏHVİL VERİLİR“ sərlövhəli məqalə dərc etmişdi. (https://stopnarkotik.az/az/penitensiar-xidmt-200-nfr-iranli-narkotaciri-ekstradisiya-edir-onlar-qarsiliqsiz-olaraq-molla.html).  Üstəlik, saytımızda Penitensiar xidmətin keçmiş rəisi Ceyhun Həsənovun 200 nəfərə yaxın İranlı narkotacirin ölkəsinə qaytarılması qərarını imza atması haqda xəbər də yayımlanmışdı. O da məlumdur ki, sözügedən iranlı məhkumlar məhz müxtəif vaxtlarda narkotik qaçaqmalçılığı ilə bağlı həbs olunanlar idi. Hansı ki, onlar hrç vaxt “içəridə” fə boş oturmayıblar, mütəmadi olaraq narkoşəbəkənin həbsxanadakı bağlarıyla çöldəki bağlarını əlaqələndirib, koordinasiya edib, Azərbaycanda narkoticarətin dərinlərə zoğ ataraq daha da dərinləməsində “əvəzsiz töhfə veriblər”.

Şübhəsiz ki, iranlı narkotacirlərin həbsxanalarda islah olunmasından heç bir söhbət gedə bilməz. Əksinə, onlar Azərbaycanın başına “narkobiznes toru” hörürlər. Onlar Tehranın ölkəmizə qarşı narkotik savaşının “önəmli instrumentləridir” və molla siyasəti hər biri azadlığa çıxandan sonra yenidən onları bizə qarşı istifadə edir. Yəni bu məhkumlar İranın ölkəmizə qarşı narkosavaşının içində yer alırlar. İran XİN-nin sözçüsü İsmail Bəqayinin, “iki ölkə arasında məhkumların təhvil verilməsi ilə bağlı razılaşma”nı əsas gətirib iranlı məhkumlara qarşı qeyri-insani davranışları ortaya atması, XİN rəsmisi Əmir Moqadamın, “Azərbaycanda iranlılar şəxsi antipatiyanın diktə etdiyi qeyri-insani və qeyri-qanuni rəftarla üzləşirlər. Bu, təkcə beynəlxalq insan hüquqları standartlarının kobud şəkildə pozulması deyil, həm də cinayətin birbaşa təzahürüdür", sözləri o anlama gəlir ki, həmin şəxslər Tehran üçün narkotacir donunda gizlənmiş casus funksiyasını daşıyır. Onlar sadəcə narkotik alverçisi deyil, onlar birbaşa casus rolunu oynayır, Tehran Bakının əlinin gücləndiyini görərək deşifrə edilmiş narkocasuslarını aradan çıxarmaq istəyir.

Bəs Azərbaycana qarşı narkotik savaşı aparan həmin iranlı narkotacirlərin ölkə içində “düzüb-qoşduğu” narkobiznes-casus şəbəkəsini kəşfiyyat-müharibə orqanı kimi idarə edən Tehranın nəsə tələb etməyə əsası varmı? Aydındır ki, ifşa olunduğuna görə Tehran onları yeniləri ilə əvəzləmək, yeni simalarla fitnə-fəsadına davam etmək istəyir. Köhnə heyət ifşa olunduğundan məxfiliyini itirib, deməli, gücü də zəifləyib. İran narkotik savaşına yeni güclə davam etməyi hədəfləyir. Onun bundan vaz keçəcəyini düşünmək sadəlövhükdür. İranlıların şəxsi antipatiyanın diqtə etdiyi qeyri-insani və qeyri-qanuni rəftarla üzləşməsi nə anlama gəlir? Azərbaycanı viran qoyan iranlı narkotacirlərə qarşı antipatiya yox, minnətdarlıq hissi duymalıyıq? Yeniyetmə və gənclərimizin narkobiznes qurbanına çevrilməsi cinayətin birbaşa təzahürü deyil, amma narkoticarətlə məhkum olunanların həbsi cinayətin birbaşa təzahürüdür? Yoxsa Tehran elə zənn edir ki, Pezeşkianın yumşaq addımları münasibətləri yumşaldacaq və rəsmi Bakı iranlı narkoməhkumları geri göndərib, peşkəş edəcək? Onları niyə təhvil verməliyik ki? İranın onların yerinə yenilərini, ifşa edilməmiş casusları göndərməsi üçün?

Stopnarkotik.az