"Əl-Ərəbiyyə” yazır ki, iyulun 31-də Tehranda "güclü" mühafizə olunan qonaq evində qətlə yetirilən HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin oğlu Əbdüssalam Haniyə atasının mobil telefonunun izini müəyyən edən raketlə hədəfə alındığını açıqlayıb.
Stopnarkotik.az bu barədə "Azad İran" telegram kanalına istinadən xəbər verir.
"İdarə olunan raket atamın otağında başının yanında olan mobil telefonunu izləməklə istiqamətləndirilib. Məncə, otaqda bomba olması ilə bağlı yayılan xəbər heç də həqiqətə uyğun deyil. Mühafizəçilər və digər müşavirlər atamın otağından cəmi bir neçə metr aralıda olublar, ona görə də aydındır ki, bomba olsaydı, bütün bina partlayardı", - deyə o bildirib.
Onun sözlərinə görə, atasının mobil telefonu onu asan hədəfə çevirib. Əbdüssalam Haniyə qeyd edib ki, atası həmin gün davamlı olaraq telefon danışıqları aparıb və öldürüldüyü gecə saat 22:15-ə qədər telefondan istifadə edib.