Gürcüstan prezidenti Saakaşvilinin ən yaxın adamını həbsdən azad etdi

Gürcüstan Prezidenti Salome Zurabişvili “Mtavari Arxi” telekanalının həbsdə olan baş direktoru Nika Qvaramianı əfv edib.

Bu barədə Prezident Salome Zurabişvili keçirdiyi xüsusi brifinqdə bildirib.

Prezident qərarına izahat verməyəcəyini, çünki əfv sərəncamı imzalamasının onun diskresion hüququ olduğunu vurğulayıb.

"Bu gün mən Nika Qvaramianın əfv sərəncamını imzaladım. Bu qərarı iyunun 19-da Ali Məhkəmənin kassasiya şikayətini rədd etməsi ilə bütün hüquqi yolların tükənməsindən sonra qəbul etdim. Mən bu qərara hər hansı bir izahat verəsi deyiləm, çünki bu gün öz diskresion hüququmdan istifadə etmişəm”, - Zurabişvili deyib.

Zurabişvili əlavə edib ki, iyunun 19-da Ali Apelyasiya Məhkəməsi Qvaramianın azadlığa buraxılması ilə bağlı şikayəti rədd edib və beləcə onun azadlığa buraxılması üçün bütün hüquqi alətlər tükənib, bu səbəbədən özü bu addımı atmalı olub.

Xatırladaq ki, 2020-ci ilin sentyabrında Gürcüstanın Baş prokurorluğu “Rustavi 2” işi üzrə Nika Qvaramiaya qarşı ittiham irəli sürülüb. Nika Qvaramia qabaqcadan əlbir olaraq “Rustavi 2” telekanalına məxsus külli miqdarda vəsaiti mənimsəməkdə, saxta sənədlərin hazırlanmasında, qeyri-qanuni gəlirlərin leqallaşdırılmasında ittiham edilib. Tbilisi Şəhər Məhkəməsi 2022-ci ilin 16 mayında Qvaramianı təqsirli hesab edərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edib/apa

Stopnarkotik.az xəbər verir ki, Nika Qvaramia eks-prezident Mixal Saakaşvilinin ən yaxın adamlarından biri olmaqla yanaşı, onun hüquqlarını müdafiə edən şəxs olub. İstisna olunmur ki, onun qondarma ittihamlara həbsə atılması Saakşvilini müəyyən mənada "müdafiəsiz buraxmaq" məqsədi daşıyıb.

Stopnarkotik.az