“Dəmiryolları” ASC-nin rəhbəri Rusiya hava limanında narkotiklə yaxalandı

Türkmənistanın “Dəmiryolları” ASC-nin rəhbəri Xıdır Rəhmanov Rusiyanın Domodedovo hava limanında narkotik maddə olan LSD ilə saxlanılıb. Hadisə 4 oktyabrda vaş verib.

Stopnarkotik.az xəbər verir ki, hadisə haqda Turkmen.news saytı yazıb.

Mənbə redaksiyaya bir ay əvvəl Rusiyaya narkotik qaçaqmalçılıq cəhdi edərkən Moskva hava limanında saxlanılan "Dəmiryolları" ASC-nin rəhbəri Xıdır Rəhmanovun məhkəməyəqədər həbs qərarının surətini təqdim edib. Mənbə həmçinin bildirib ki, ölkənin xüsusi xidmət orqanları və xarici işlər naziri Rəşid Meredov şəxsən məmurun azadlığa buraxılması üzərində işləyir. 4 oktyabrda Domodedovo hava limanı gömrükxanasında LSD ilə saxlanılan Xıdır Rəhmanov istintaq davam edənə qədər 4 dekabra qədər məhkəməyəqədər həbsdə qalacaq. Rəhmanov mədə-bağırsaq problemləri ilə bağlı müalicə almağı planlaşdırdığı Yessentukiyə gedərkən Moskvadan tranzitlə gedibmiş. Onun köməkçisi də eyni reyslə gəlib.

Hakim Dina Xansi tərəfindən imzalanan məhkəməyə qədər həbs qərarının surətində Rəhmanovun iş yeri "International Turkmen Logistics" kimi göstərilir və məmur guya orada logistika mütəxəssisi kimi çalışır. Türkmənistan Sənayeçilər və Sahibkarlar Birliyinin məlumat bazasında Xarici İşlər Nazirliyinin keçmiş yüksək vəzifəli məmuru Qıçqeldi Qurbanov şirkətin direktoru kimi göstərilir. Qeyd etmək lazımdır ki, bu şirkət həmçinin on ton kükürdün açıq havada saxlanıldığı Seraxsda hava çirkliliyinə görə məsuliyyət daşıyır. Yerli sakinlər Sərdar və Qurbanqulu Berdiməhəmmədova müraciət etsələr də, təhlükəsizlik xidmətləri problemi həll etmək əvəzinə şikayətçiləri təhdid etməyə başlayıblar.

Turkmen.news mənbəyinin məlumatına görə, Xıdır Rəhmanov şirkətdə təkcə logist deyil, həm də onun sahibidir. Məhkəmə sənədlərində onun adı şirkətin təsisçisi kimi də qeyd olunur. Lakin, Rəhmanovun həm də dövlət məmuru olduğu və bunu Rusiya məhkəməsindən gizlətməyi seçdiyi dəqiq məlumdur.

Həmin Sənayeçilər və Sahibkarlar Birliyinin məlumat bazasında, Xıdır Rəhmanov Türkmənistandakı bütün dövlət dəmir yolu infrastrukturunun əsas operatoru olan "Dəmiryolları" ASC-nin direktorudur. Məhkəmə qərarında göstərildiyi kimi, Rəhmanovun doğum tarixi bu məlumat bazasındakı məlumatlarla uyğun gəlir və ev ünvanı "Altyn Asır" mobil operator məlumat bazasındakı məlumatlarla eynidir.

Hakim 6 oktyabr tarixli qərarı ilə Rəhmanovu istintaq müddətinə qədər məhkəməyəqədər həbs qətimkan tədbiri seçib. Onun vəkili Rəhmanovun Rusiyadakı biznes tərəfdaşının yerləşdiyi yerdə ev dustaqlığı üçün vəsatət qaldırıb. Lakin hakim prokuror və müstəntiqin saxlanılan şəxsin Rusiya Cinayət Məcəlləsinin 229.1-ci maddəsinin 3-cü hissəsi - külli miqdarda psixotrop maddələrin qaçaqmalçılığı ilə ittiham olunduğu halda, ölkəni tərk edə biləcəyi ilə bağlı arqumentlərini daha inandırıcı hesab edib. Mümkün cəza 20 ilə qədər həbs cəzasıdır.

Stopnarkotik.az