Çəkisi 40-50 ton, uçuş məsafəsi 6 min kilometr... – Rusiya dünyaya hansı mesajı verir?

Rusiya Ukrayna ordusunun Qərbin uzaqmənzilli raketləri Kursk, Bryansk şəhərlərindəki hədəflərə endirdiyi zərbələrə cavab olaraq noyabrın 21-nə keçən gecə Dnepr şəhərinə ballistik raketlər atıb.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, hücumda Kh-101 raketləri və hipersəsli “Kinjal”-lardan istifadə edilib.

Putin gecə xalqa müraciətində bildirib ki, Rusiya ordusu Ukraynanı ən son “Oreshnik” adlı nüvəsiz ballistik raketlə vurub.

Ukraynalı komandirlər təfərrüatlara dair məlumatlar verməsələr də zərbələrin əhəmiyyətli dağıntı və ya itkilərə səbəb olmadığını bildiriblər. Sosial şəbəkə istifadəçiləri Dneprdə gecə ərzində baş verən partlayışların xüsusilə güclü olduğunu və 20 kilometrə qədər məsafədə hiss olunduğunu bildiriblər. Videogörüntülərdə raketin necə altı döyüş başlığına bölündüyü, hər birinin öz növbəsində altı hissəyə parçalandığı göstərilir. Beləliklə, şəhərə ümumi çəkisi təxminən 1200 kiloqram olan 36 döyüş elementi atılıb.

Pentaqon hesab edir ki, Rusiyanın noyabrın 21-də Dneperi vurmaq üçün istifadə etdiyi raket eksperimental orta mənzilli ballistik “RS-26 “Rubej” qitələrarası raketin əsasında yaradılıb. Bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq brifinq zamanı bildirib.

“RS-26 Rubej”-in hazırlanmasına 2006-cı ildən başlanılıb və Orta mənzilli Nüvə Qüvvələri haqqında Müqaviləni pozduğu üçün ciddi məxfilik şəraitində həyata keçirilib. Bu müqavilə 1987-ci il dekabrın 8-də Vaşinqtonda Mixail Qorbaçov və Ronald Reyqan tərəfindən imzalanıb və 1988-ci il iyunun 1-də qüvvəyə minib. “RS-26 Rubej” raketi nüvə başlıqlarının çatdırılması üçün nəzərdə tutulub və onun ilk sınağı 2011-ci ildə keçirilib. Onun inkişaf etdirilməsi proqramı 2015-ci ilə qədər tamamlanıb və raket 2017-ci ildə istifadəyə verilib. Lakin 2018-ci ildə “Rubej” 2027-ci ilə qədər silahlanma proqramından çıxarılıb. Ehtimal olunur ki, onun əvəzinə “İskəndər-K” ballsitik raketlər daxil edilib.

Bu ilin iyulunda Kreml “Rubej”-in də daxil olduğu orta və yaxın mənzilli raketlərin istehsalını bərpa etməklə hədələyib. Qərbdə Rusiyanın bu qərarı icra etməyə başlaması ehtimalını kifayət qədər yüksək hesab edirlər. Üstəlik, söhbət ayrıca raketdən yox, məşhur “Topol-M” nüvə raketinin yeni variantının hazırlanmasından gedir.

“RS-26 Rubej”-in iki “Topol-M” pilləsi əsasında yaradıldığı güman edilir.

“RS-26 Rubej” raketinin buraxılış çəkisi 40-50 ton, uçuş məsafəsi isə 6000 kilometrə qədərdir. Raket, başqa bir qitələrarası raket – “RS-24 Yars”-da istifadə olunanlara bənzər, hər birinin tutumu 0,3 Mt olan dörd ayrı döyüş başlığı ilə təchiz edilmişdir. Onun “Avangard” tipli hipersəs qurğusu ilə təchiz oluna biləcəyi də güman edilir.

Mütəxəssislərin fikrincə, adi döyüş başlığı ilə ballistik raketin buraxılması kifayət qədər psixoloji xarakter daşıyır. Belə bir hücumun hərbi əhəmiyyəti minimaldır: əvəzində 500 kiloqram çəkisi olan döyüş başlıqlarına malik iki və ya üç “İskəndər-M” raketindən istifadə oluna bilərdi. Bununla belə, Rusiya eskalasiyaya hazır olduğunu nümayiş etdirərək növbəti dəfə raketin nüvə başlığı ilə təchiz oluna biləcəyinə dair siqnal verib.

Ukraynanın hava hücumundan müdafiə sisteminin belə bir raketin qarşısını almaq imkanı son dərəcə aşağıdır. Mütəxəssislər vurğulayırlar ki, bu cür raketlər döyüş başlıqları ayrılmamışdan əvvəl vurulmalıdır.

Əks halda, hava hücumundan müdafiə sistemləri 6 blokun hər birini ayrı-ayrılıqda vurmalı olacaq. Problem ondadır ki, düşmən yalnız bir blok döyüşü, qalan beşini isə saxta edə bilər. Lakin, hava hücumundan müdafiə sistemləri istənilən halda bütün 6 bloka sursat sərf etməli olacaq./azpolitika.info