Ukraynanın Kursk vilayətində hücum əməliyyatı ilk günlərdəki sürətlə olmasa da, davam edir. Bu arada Kursk vilayətindəki Seym çayı ilə Ukrayna sərhədi arasında sıxışmış vəziyyətdə qalan Rusiya qoşunlarının mühasirəyə düşmək ehtimalı həmin çayın üzərindəki körpülər vurulduqdan sonra daha da artıb.
Bu barədə “The New York Times”-da dərc edilən yazıda Ukraynanın ərazidəki “rus qoşunlarını tələyə salmaq planı”ndan danışılır.
Yazıda qeyd olunur ki, Seym çayı üzərindəki hər üç körpü ya tam dağıdılıb, ya da ciddi zədələnib. Qəzet yazır ki, bunun nəticəsində mühasirəyə düşmək təhlükəsi yaranan və Seym çayı ilə Ukrayna sərhədi arasındakı ərazidə qalan rus əsgərlərinin dəqiq sayı bəlli deyil. Bu ərazinin əsas yaşayış məntəqəsi təxminən 5000 nəfər əhalisi olan Qluşkovo şəhəridir. Qəzet yazır ki, bu gedişlə Qluşkovo Ukraynanın Sudjadan sonra tutacağı ikinci şəhər olacaq.
Hərbi analitik Nikolay Beleskovun nəşrə dediyinə görə, körpülərə endirilən zərbələr Rusiyanın Seym çayının cənubunda öz qüvvələrini saxlamasını çətinləşdirəcək, hətta tamamilə qeyri-mümkün edəcək. Eyni zamanda, onun fikrincə, Ukrayna Silahlı Qüvvələri çayın sahilinə qədər irəliləsə, Rusiyanın istənilən əks-hücumuna qarşı həmin çaydan təbii sədd kimi istifadə etməklə, üstünlük qazanacaq.
Digər hərbi mütəxəssis Vasili Pavlovun fikrincə, çaylardan müdafiə səddi kimi istifadə strategiyası hücum irəlilədikcə daha aydın görünür. Ukrayna qoşunları əks-hücumların qarşısını almaq üçün bu əraziləri hər iki tərəfdən əhatə edən Seym və Psyol çayları boyunca irəliləyəcək.
Qəzet yazır ki, Ukraynanın son hərbi məqsədləri bilinməsə də, Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisinin dərinliklərinə doğru irəliləsə, əsas dəmir yolu qovşaqlarına artilleriya məsafəsinə qədər yaxınlaşa bilər. Ukraynalı və rusiyalı hərbi şərhçilər Ukraynanın Rusiya qoşunlarının tələyə düşə biləcəyi ərazinin cənubundakı Tetkino şəhərini bombaladığını qeyd edirlər. Bu da bölgədəki Rusiya qüvvələrini daha çox təzyiq altında saxlamağa imkan verir.
“Forbes” nəşri yazır ki, Ukrayna tərəfi Ukrayna sərhədi ilə Seym çayı arasında yerləşən Kursk vilayətinin bir hissəsini - təxminən 500 kvadrat kilometr ərazini təcrid etməyə çalışır. “Bild”-in yazdığına görə isə Ukrayna Silahlı Qüvvələrinin Seymin sahillərinə çatmasına cəmi 5 kilometr qalıb. Həmçinin, ötən günün sonuna olan məlumata görə, Kurskda artıq 92 yaşayış məntəqəsi və 1250 kvadrat kilometr ərazi Ukrayna qoşunlarının nəzarətindədir./azzpolitika.info