Sumqayıt Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham edilən iş adamı, Xırdalandakı “İncilər” bağçasının və tədris mərkəzinin rəhbəri Təravət Bilalovaya hökm oxunub.
Stopnarkotik.az “qafqazinfo”ya istinadən xəbər verir ki, o, Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-Külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilib. Bildirilib ki, T.Bilalova qohumu olan bir neçə nəfərdən, rəhbərlik etdiyi bağçada çalışan işçilərdən və digər şəxslərdən qızıl biznesi ilə məşğul olmaq adı ilə külli miqdarda pul alıb.
Belə ki, 1987-ci il təvəllüdlü T.Bilalova 2020-ci ildə pandemiya ilə əlaqədar rəhbərlik etdiyi bağçanın fəaliyyətinin müvəqqəti dayandırılmasından sonra ətrafındakı şəxsləri hər ay 10 faiz gəlir gətirəcək qızıl biznesinə pul qoymalarına həvəsləndirib və yüksək qazanc vəd edərək ümumilikdə 9 nəfərdən 700 min manata yaxın (4250, 47.600, 198.000, 60.000, 54.000, 91.000, 40.580, 162.000, 39.970 manat olmaqla) pul alıb. Lakin sonradan həmin şəxslər dələduzluqla qarşılaşdıqlarını görərək hüquq-mühafizə orqanlarına müraciət ediblər.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Təravət Bilalova özünü ittiham üzrə qismən təqsirli bilib. Məhkəmə ona 6 il 6 ay müddətinə həbs cəzası təyin edib. Onun barəsində verilmiş polisin nəzarəti altına verilmə qətimkan tədbiri ləğv edilib və məhkəmə zalındaca həbs edilib.