Azərbaycanda narkoşəbəkəni himayə edənlər... – İNDİYƏDƏK 1 NƏFƏR BELƏ, VƏZİFƏLİ ŞƏXS SAXLANILMAYIB...

Azərbaycanda narkomaniyaya və narkotik ticarətinə qarşı mübarizə son vaxtlar aktiv fazaya keçib. Müvafiq dövlət qurumları ilə yanaşı, Qeyri-Hökumət Təşkilatları (QHT), media, eləcə də sıravi vətəndaşlarımız da bu prosesdə aktiv iştirak edir. Məhz bunun nəticəsidir ki, son 2 il ərzində demək olar, hər gün onlarla narkotacir saxlanılmaqdadır.

Bəzi informasiyalara görə, “narkotik məhbusları”nın sayının sürətlə artması səbəbindən artıq həbsxanalarda məhbus sıxlığı yaşanır. Yəni 4 nəfər üçün nəzərdə tutulan kameralarda 8, bəzən daha artıq məhbus saxlanılır ki, bu da, xüsusilə, isti aylarda həbsxana həyatını dözülməz edir. Təsadüfi deyil ki, bu problem zaman-zaman beynəlxalq təşkilatların hesabatlarında da yer alır.

Təəssüflə qeyd edilməlidir ki, hər gün onlarla narkotacir qandallansa da, bu sahədə ciddi irəliləyiş müşahidə edilmir. Əksinə, ölkəmizdə istər narkotik istifadəçiləri, istər də narkotacirlərin sayı günbəgün artmaqdadır. Vəziyyət o həddə çatıb ki, narkotik artıq orta məktəblərə də “ayaq açıb”. Bütün bunlara paralel olaraq, ölkədə kriminal durum da getdikcə pisləşməkdədir ki, bu da yetkili qurumları ciddi narahat edir. Çünki günbəgün genişlənməkdə olan narkotik şəbəkəsi qazanılan pullar hesabına silahlanmaqda və dövlət təhlükəsizliyimiz üçün böyük təhdidə çevrilməkdədir.

Təsadüfi deyil ki, son vaxtlar ələ keçirilən narkotacirlərin hər iki nəfərindən birində narkotiklə yanaşı silah da aşkar olunur. Görünür, məhz bu səbəbdən də Daxili İşlər Nazirliyi haqlı olaraq təxminən iki aya yaxındır ölkəmizdə silahsızlaşdırma strategiyası həyata keçirməkdədir. Hansı ki, hər gün müxtəlif rayonlarda onlarla odlu silah, eləcə də ağır döyüş silahlarının ələ keçirilməsi haqda informasiya verilir.

Əlbəttə, istər DİN-in, istər də digər qurumların bu sahədə gördüyü işlər təqdir olunmalıdır. Lakin hər bir vətəndaşımız kimi, bizi də bir məsələ düşündürür: necə olur ki, indiyədək ölkənin narkotik biznesini himayə edən məmurlardan bircə nəfər belə, həbs olunmayıb? Kimsəyə sirr deyil ki, narkotik ticarəti sıradan bir vətəndaşın imkanları xaricindədir. Bütün ölkələrdə bu şəbəkəni himayə edən yüksək çinli məmurlar olur. Azərbaycanda da narkoşəbəkənin yüksək səviyyədə himayə olunduğu kimsəyə sirr deyil. O halda, necə olur ki, indiyədək həbs olunanlar sadəcə sıradan satıcılar, yəni “bariqa”lardır, onları yönləndirən şəbəkə rəhbərləri, narkobaronlar və bu ticarətə dəstək verən, ən azı nəyinsə müqabilində satışa göz yuman bircə məmur da ələ keçməyib? Hər halda, bu sual ətrafında düşünməyə dəyər. Çünki, nə qədər ki, ölkədə narkobiznesi himayə edən məmurlar “toxunulmaz” qalacaq, o zaman aparılan mübarizə ciddi nəticə verməyəcək.

Odur ki, hər bir sahədə olduğu kimi, narkoticarətə qarşı mübarizədə də problemin həlli üçün “xırda balıqlar”ı qurban verməkdənsə, “böyük balıqlar”ı tilova salmaq haqda düşünməliyik.

Stopnarkotik.az