30 il əvvəl qətl törətdi, bu gün məhkəmə qarşısına çıxarılır...

30 il əvvəl qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin barəsində cinayət işi baxılması üçün məhkəməyə göndərilib.

Stopnarkotik.az Baş Prokurorluğa istinadən xəbər verir ki, 26 noyabr 1993-cü il tarixdə Fikrət İbrahimovun yaşadığı mənzildə üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı üzrə ötən illərdən bağlı qalmış cinayət işinin açılması təmin edilib.

Prokurorluq və Daxili işlər orqanları tərəfindən peşəkarlıqla həyata keçirilmiş çoxsaylı intensiv istintaq-əməliyyat tədbirləri nəticəsində zərərçəkmişin iş yoldaşı olmuş Nazim Bayramovun qeyd edilən tarixdə Fikrət İbrahimovun yaşadığı evə gələrək odlu silahdan 2 dəfə atəş açaraq sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Nazim Bayramova 1 sentyabr 2000-ci il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 94-cü maddəsinin 2-ci bəndi ilə (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə) yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması daim diqqət mərkəzində saxlanılmaqla bu istiqamətdə işlər davam etdirilir.

Stopnarkotik.az