“Cavan qızlar narkotik əldə etmək üçün min cür hoqqalardan çıxırlar”
“Dəfələrlə anamın qızıllarını oğurlayıb satmışam; qardaşımın, atamın cibindən pul oğurlamışam”
Rəşad Almazov peşəkar güləşçidir. Milli komandamızın üzvü kimi dəfələrlə müxtəlif yarışların qalibi olub. Hazırda 38 yaşı olan Rəşad həyatının 17 ilini narkotikə “qurban verib”. Bu səbəbdən, peşəkar idman kariyerasına da son qoyub.
Əksər narkotik asılıları kimi, o da kriminala meylli olub. Bu səbəbdən də, dəfələrlə cinayət hadisələri törədib və üst-üstə 7 il həbsxanada yatıb.
Rəşad Almazov deyir ki, narkotikə 20-21 yaşlarında başlayıb. İdman sahəsində nailiyyətləri ard-arda gəldiyi bir dönəmdə narkotik onun kariyerasını məhv edib. Üstəlik, narkotik asılısı olduğu dönəmdə anası və qardaşı başda olmaqla, bütün doğmalarına da olmazın zülmlər yaşadıb. “Narkotik istifadə etdikdən sonra anamı və qardaşımı ən böyük düşmənim hesab edirdim”, - deyən Rəşad əlavə edir ki, “ağ ölüm”ün təsiri altında dəfələrlə özünü doğrayıb, qarnına bıçaq soxub. Hətta bir dəfə intihar məqsədilə özünü 3-cü mərtəbədən atıb. Lakin yenə də yaxınlarının dəstəyi ilə həyatda qalmağı bacarıb.
R.Almazov bildirir ki, istifadəçi olduğu illərdə gün ərzində narkotikə təxminən 150-300 manat xərcləyib. Pulu olmadıqda ya hədə-qorxu ilə yaxınlarından əldə edib, ya da “bariqaları” döyərək pulsuz “mal” alıb.
Onun sözlərinə görə, narkotik istifadə etdiyi müddətdə elə olub ki, ardıcıl olaraq 8 gün yatmayıb.
“Atam rəhmətə gedəndən sonra mən də ölmək istəyirdim”, - deyən Rəşad Almazov hesab edir ki, törətdiyi cinayətlə əlaqədar həbs olunmasa, azadlıqda öləcəyinə əmindir.
O, 21 dəfə Maştağada yerləşən Respublika Narkoloji Dispanserində detoksikasiya prosesi keçsə də, nəinki asılılıqdan xilas ola bilib, hətta dispanserdən çıxdıqdan dərhal sonra narkotik istifadə edib.
Rəşad deyir ki, bəzi hallarda gün ərzində 4 növ narkotik istifadə edir, dalınca da spirtli içki qəbul edirmiş.
Buyurun, Rəşad Almazovun keşməkeşli həyat hekayəsinin davamını onun öz dilindən eşidin.
Stopnarkotik.az