“10 gün sonra dedilər ki, artıq narkotik pulsuz deyil” - Nazirlikdəki vəzifəsindən qovulan Sənan HƏYATINI DANIŞIR / II HİSSƏ

“Dostuma 50 manat atdım ki, səhər saat 6-da məni hava limanında narkotiklə qarşıla”

“Dil bilməsəm də, İtaliyada da gedib narkotik tapırdım”

Sənanın 31 yaşı var. 11 ilə yaxın ağır narkotik istifadəçisi olub. Qohum-əqrabasında narkotik qəbul edən olmayıb. O isə, ilk dəfə venadixili narkotik istifadə edib.

“Ad günümdə “dostlarım” yanımda ağır narkotik istifadə etdilər. Baxdım ki, bu narkotik onlara başqa cür həzz verir, heç nə fikirləşmədən qolumu uzatdım ki, mən də sizin kimi olmaq, bu narkotikdən istifadə etmək istəyirəm”, - deyən Sənanın sözlərinə görə, həmin vaxtadək heç vaxt psixotrop tərkibli dərman, yaxud yüngül narkotik istifadə etməyib.

Amma orta məktəb yaşlarından, daha dəqiq desək, 7-8-ci sinifdən ara-sıra spirtli içki qəbul edirmiş. “Səhər uşaqlarla gedib evimizin yaxınlığındakı kafedə içir, oradan da məktəbə gedirdik”, - deyən həmsöhbətim bildirir ki, ziyalı ailəsində böyüyüb. Atası və anası dövlət vəzifələrində çalışıb. Ailədə heç vaxt “bir sözü iki edilməyib”, hələ uşaq yaşlarından nə istəyibsə, valideynləri onu alıb. Hətta kiçik yaşlarından avtomobili, adına evi də olub. Sənan bu gün düşünür ki, onu narkotikə sürükləyən səbəb də məhz kiçik yaşlarından bütün arzuladıqlarını əldə etməsi olub.

Müsahibimiz deyir ki, orta məktəbi bitirdikdən sonra Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasına qəbul olub. Bu ali təhsil ocağını bitirdikdən sonra FHN-də çalışmağa başlayıb. Lakin narkotik istifadə etdiyiyini bildikdən sonra onu nazirlikdəki vəzifəsindən qovublar.

Sənan deyir ki, narkotikə görə təkcə işini deyil, ailəsini də itirib. Belə ki, həyat yoldaşı onun narkoman olduğunu qəbul etməyərək, ayrılmağa qərara verib.

Həmsöhbətimiz onu da bildirir ki, narkotiklə əlaqədar dəfələlərlə şübhəli şəxs kimi saxlanılıb. Lakin hər dəfə atasının dəstəyi ilə həbsdən xilas ola bilib.

Narkotik əldə etmək üçün dəfələrlə oğurluq etidiyini də etiraf edən Sənan, bütün bunlara baxmayaraq, narkotik istifadə etdiyi üçün özünü qınamır. Hətta bəzi səbəblərdən narkoman olduğu üçün fəxr etdiyini sözyləyir: “Narkoman olmağımla fəxr edirəm”.

Hazırda “12 Addım” Reabilitasiya Mərkəzində çalışan, öz təcrübəsini gənc asılılarla bölüşən Sənan həyat hekayəsini “Stopa narkotik”lə bölüşüb. Buyurun, verilişimizin DAVAMINI izləyin.

Stopnarkotik.az

Qeyd: Verilişin birinci hissəsi bu linkdə: https://youtu.be/yu3cBCbhWLY?si=RnBGuInqo6hAgebU