İlk dəfə venadaxili narkotik istifadə edib: “Qolumu uzatdım ki, mən də sizin kimi olmaq itəyirəm...”
“Narkotikə görə ailəmi itirdim, həyat yoldaşım məni tərk etdi”
Sənanın 31 yaşı var. 11 ilə yaxın ağır narkotik istifadəçisi olub. Qohum-əqrabasında narkoman olmayıb. O isə, ilk dəfə venadixili narkotik istifadə edib.
“Ad günümdə “dostlarım” yanımda ağır narkotik istifadə etdilər. Baxdım ki, bu narkotik onlara başqa cür həzz verir, heç nə fikirləşmədən qolumu uzatdım ki, mən də sizin kimi olmaq, bu narkotikdən istifadə etmək istəyirəm”, - deyən Sənanın sözlərinə görə, həmin vaxtadək heç vaxt psixotrop tərkibli dərman, yaxud yüngül narkotik istifadə etməyib.
Amma orta məktəb yaşlarından, daha dəqiq desək, 7-8-ci siniflərdən ara-sıra spirtli içki qəbul edirmiş. “Səhər uşaqlarla gedib evimizin yaxınlığındakı kafedə içir, oradan da məktəbə gedirdik”, - deyən həmsöhbətim bildirir ki, ziyalı ailəsində böyüyüb. Atası və anası dövlət vəzifələrində çalışıb. Ailədə heç vaxt “bir sözü iki edilməyib”, hələ uşaq yaşlarından nə istəyibsə, valideynləri onu alıb. Hətta kiçik yaşlarından avtomobili, adına evi də olub. Sənan bu gün düşünür ki, onu narkotikə sürükləyən səbəb də məhz kiçik yaşlarından bütün arzuladıqlarını əldə etməsidir.
Müsahibimiz deyir ki, orta məktəbi bitirdikdən sonra Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasına qəbul olub. Bu ali təhsil ocağını bitirdikdən sonra FHN-də çalışmağa başlayıb. Lakin narkotik istifadə etdiyiyini bildikdən sonra onu nazirlikdəki vəzifəsindən qovublar.
Sənan deyir ki, narkotikə görə təkcə işini deyil, ailəsini də itirib. Belə ki, həyat yoldaşı narkoman olduğunu qəbul etməyərək, ondan ayrılmağa qərara verib.
Həmsöhbətimiz onu da bildirir ki, narkotiklə əlaqədar dəfələlərlə şübhəli şəxs kimi saxlanılıb. Lakin hər dəfə atasının dəstəyi ilə həbsdən xilas ola bilib.
Narkotik əldə etmək üçün dəfələrlə oğurluq etidiyini də etiraf edən Sənan, bütün bunlara baxmayaraq, özünü qınamır. Hətta bəzi səbəblərdən narkoman olduğu üçün fəxr etdiyini söyləyir: “Narkoman olmağımla fəxr edirəm”.
Hazırda “12 Addım” Reabilitasiya Mərkəzində çalışan, öz təcrübəsini gənc asılılarla bölüşən Sənan həyat hekayəsini “Stopa narkotik”lə bölüşüb.
Buyurun, izləyini, verilişimizi paylaşmağı, kanalımızı bəyənməyi unutmayın.
Stopnarkotik.az