Xüsusi icra məmuru kimə tabedir, onu kim maliyyələşdirir və nəzarət edir? – AÇIQLAMA

Xüsusi icra məmuru peşə fəaliyyətini həyata keçirərkən müstəqildir və yalnız qanuna tabedir. O, müstəqil şəkildə öz ofisini təşkil edib, işçilərini işə götürməklə fəaliyyət göstərir.

Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, onun fəaliyyətinə Ədliyyə Nazirliyi və Xüsusi İcra Məmurlarının Palatası nəzarət edir. Palata xüsusi icra məmurlarının özü tərəfindən təsis ediləcəyinə görə hələlik onun funksiyalarını Ədliyyə Nazirliyi həyata keçirir. Nəzarət monitorinqlər, plan üzrə və plandankənar yoxlamalar yolu ilə təmin edilir.

Xüsusi icra məmumurunun işi nədən ibarət olacaq?

Xüsusi icra məmuru məhkəmə və digər səlahiyyətli orqanların (məsələn, notariusların, bələdiyyələrin) qəbul etdiyi qərarlar borclu şəxslər tərəfindən könüllü icra edilmədikdə onların icrasını təmin etmək üçün məcburi tədbirlər görən şəxsdir.

O, məcburi icra orqanı sayılır. Bu fəaliyyəti həyata keçirərkən dövlət icra məmuru ilə eyni səlahiyyətlərə malikdir.

Lakin xüsusi icra məmuru bütün qərarları icra etmir. Belə ki, cinayət, inzibati xəta və inzibati mübahisələr üzrə qərarlar, dövlət orqanlarının tərəf olduğu işlər, uşaqla ünsiyyətin təmin edilməsi və uşağın qaytarılması, məişət zorakılığından mühafizə və məcburi müalicəyə dair işlər onun səlahiyyətlərinə daxil deyil.

Xüsusi icra məmurları dövlət icra məmurlarından hansı əsas fərqlərə malik olacaq?

Dövlət və xüsusi icra məmuru arasında əsas fərq ondan ibarətdir ki, dövlət icra məmuru Ədliyyə Nazirliyinin yerli icra qurumlarında fəaliyyət göstərən, xüsusi rütbə və geyim forması daşıyan, ədliyyə qulluqçusu statusuna malik şəxsdir.

O, aylıq əməkhaqqı müqabilində bütün icra sənədlərini icra edir, o cümlədən cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrasını, habelə probasiya nəzarətini həyata keçirir.

Xüsusi icra məmuru isə dövlət qulluqçusu deyil, xüsusi geyim forması və nişan daşıyan ayrıca peşə sahibidir. O, Ədliyyə Nazirliyi tərəfindən verilən şəhadətnamə əsasında öz ofisində fəaliyyət göstərir, bunun üçün köməkçilər və işçilər işə götürür və tariflər əsasında fəaliyyətindən gəlir əldə edir, bununla ofisini və özünü maliyyələşdirir, vergi və digər məcburi ödənişləri ödəyir.

Vətəndaş özü dövlət və ya xüsusi icra məmuru arasında seçim edə biləcəkmi?

Qərarın xüsusi icra məmuru tərəfindən icra olunmasını istədikdə xeyrinə qərar çıxarılmış şəxs (tələbkar) icra sənədi icraya yönəldilənədək məhkəməyə (digər orqana) yazılı müraciət edir və icra sənədinin ona təqdim edilməsini xahiş edir.

Bu halda icra sənədi icraya yönəldilməsi üçün tələbkarın özünə təqdim olunur və tələbkar ərazi yurisdiksiyasını nəzərə almaqla Xüsusi İcra Məmurlarının Reyestrindən seçdiyi icra məmuruna müraciət edir.

İcraya yönəldilmə müəyyən edilmiş elektron yönəltmə qaydasına əməl etməklə, yaxud da bilavasitə ofisə gəlib icra sənədini xüsusi icra məmuruna təqdim etməklə mümkündür. Hər iki halda müvafiq ərizə yazılmalıdır.

İcra sənədi tələbkara təqdim olunduğu vaxtdan 3 il müddətində tələbkar tərəfindən icraya yönəldilə bilər./trend