Ukrayna Prezidenti Volodimir Zelenski parlamentdə Rusiya ilə müharibədə qələbə planını təqdim edib.
Zelenski planın 5 bənddən və 3 gizli əlavədən ibarət olduğunu bildirib.
O bildirib ki, qələbə planı aktualdır və plan üzrə hərəkət edilərsə, müharibə gələn ildən gec olmayaraq başa çata bilər.
Planın birinci bəndi Ukraynanın NATO-ya dəvət olunmasını nəzərdə tutur.
Zelenski qeyd edib ki, Rusiya uzun illər Avropada geosiyasi qeyri-müəyyənlikdən, yəni Ukraynanın NATO üzvü olmamasından istifadə edib. Bu, Rusiyanı Ukraynanın təhlükəsizliyinə müdaxilə etməyə şirnikləndirib.
"Ukraynanın NATO-ya dəvət edilməsi həqiqətən də sülh üçün əsas ola bilər. Biz başa düşürük ki, NATO-ya üzvlük indinin yox, gələcəyin məsələsidir. Amma Putin görməlidir ki, onun geosiyasi hesabları yanlışdır. Ruslar bunu hiss etməlidir”, - deyə Zelenski bildirib.
Planın ikinci bəndi müdafiə ilə bağlıdır. Burada Ukraynanın müdafiə sənayesi sahəsində istehsalın və Qərb tərəfdaşlarının köməyinin genişləndirilməsi nəzərdə tutulur. Zelenski bildirib ki, qələbə planının ikinci bəndinin həyata keçirilməsinin açarı Ukrayna ərazisində bufer zonaların yaradılmasının qarşısının alınması məqsədilə Rusiyanın müəyyən edilmiş ərazilərində Ukrayna Müdafiə və Təhlükəsizlik Qüvvələrinin əməliyyatlarının uğurla davam etdirilməsi, Rusiyanın hücum potensialının məhv edilməsi, Ukrayna Silahlı Qüvvələri üçün ehtiyat briqadaların hazırlanmasında yardım, Ukraynanın hava hücumundan müdafiəsini yüksək səviyyəyə çatdırmaq üçün Avropa ölkələri ilə birgə müdafiə əməliyyatları keçirmək, Ukraynada dron və raket istehsalının genişləndirilməsinə investisiyalar yatırmaq, Ukraynanı real vaxt rejimində peyk məlumatları və digər kəşfiyyat vasitələri ilə əldə edilmiş məlumatlarla təmin etmək və sairdir.
Növbəti bənddə Ukrayna ərazisində ölkənin Rusiyadan yönələ biləcək istənilən təhlükədən qorunmasını təmin edən qeyri-nüvə xarakterli strateji müdafiə sistemlərinin yerləşdirilməsi qeyd olunub.
Planın 4-cü bəndi strateji iqtisadi potensialdır. Burada neftin qiyməti və Rusiya neftinin idxalının məhdudlaşdırılması nəzərdə tutulur. Zelenski qeyd edib ki, Ukraynada təbii ehtiyatlar, o cümlədən trilyonlarla ABŞ dolları dəyərində kritik metallar cəmləşib. Bunlara uran, titan, litium, qrafit və ya Rusiya və müttəfiqlərini, ya da Ukraynanı və demokratik dünyanı qlobal rəqabətdə gücləndirəcək digər strateji qiymətli resurslar daxildir.
Beşinci bənd müharibədən sonrakı dövr üçün nəzərdə tutulub. Planın sonuncu bəndi müharibədən sonra ölkədə peşəkar hərbçilərdən ibarət ordunun formalaşdırılacağına dair təklifdən ibarətdir. "Müharibədən sonra Ukrayna ən təcrübəli və böyük hərbi kontingentlərdən birinə sahib olacaq", - o qeyd edib./modern.az