İranın dini lideri Əli Xameneinin Əsədin devrilməsinə görə üç ölkəni günahlandırdığı barədə məlumat vermişdik. Əsas diqqətçəkən məqam bu üç ölkədən ikisinin – ABŞ və İsrailin adını açıqlaması, üçüncüsünü isə “Suriyaya qonşu olan ölkə” adlandırmasıdır.
Söhbətin Türkiyədən getdiyi məlumdur. Ankara daha öncə Dəməşqə görüşün keçirilməsi, müxalifətlə sülh danışıqlarının başlanması və qaçqınların geri qayıdışına şəraitin yaradılması təklifini versə də, Əsəd bundan yayındı. İstisna deyil ki, Əsədin Ərdoğanla görüşdən imtina etməsində İranın da təsiri olub. Hərçənd, Suriyada İran-Rusiya və ABŞ-İsrail cəbhəsi arasında balansı təmin edən Ankaranın Əsəd məsələsində ikincilərlə birlikdə olması hakimiyyət dəyişikliyi və Tehranın strateji itkisi ilə nəticələndi;
Bunun fonunda Xameneinin Türkiyənin adını çəkməməsi Tehranın hazırda möhtac olduğu Ankara ilə körpüləri tamamilə yandırmamaq istəyindən qaynaqlanır. Çünki Türkiyə Suriyada hələ də balansı dəyişə biləcək rolunu saxlayır. İranda ümid edirlər ki, Ankara PYD/YPG məsələsində Vaşinqton-Təl-Əviv cəbhəsi ilə tərs düşəcəyi təqdirdə Tehranla yenidən yaxınlaşa, bu da onlara Suriyada müqavimət gücünü Türkiyə vasitəsilə saxlamaq, itirdiklərini müəyyən qədər kompensasiya etmək imkanı verə bilər./publika.az