Venesuelada koka plantasiyaları və ya narkotik laboratoriyaları yoxdur və yaxın gələcəkdə ölkə ərazisindən narkotik tranziti tamamilə bağlanacaq.
Bu barədə Venesuela Prezidenti Nikolas Maduro "Venezolana de Televisión" telekanalının efirində bildirib.
"BMT-nin və bir sıra ölkələrin faktiki vəziyyəti əks etdirən və ekspert yoxlamasından keçən hesabatlarına görə, Venesuela ərazisi koka plantasiyalarından və kokain laboratoriyalarından azaddır və biz tezliklə narkotiklərin tranzitini tamamilə bağlayacağıq", - Maduro deyib.
Venesuela lideri bildirib ki, Cənubi Amerikadan gələn kokainin 87 %-i Kolumbiya, Ekvador və Perudan Sakit Okean vasitəsilə, 8 %-i Kolumbiyanın La Quajira departamentinin Karib dənizi sahilləri ilə, cəmi 5 %-i isə Venesuela ərazisindən daşınmağa cəhd edilib, bunun 70 %-i ələ keçirilib.
Maduro qeyd edib ki, son illərdə narkotik ticarəti üçün istifadə edilən 402 təyyarə zərərsizləşdirilib və Venesuela tezliklə öz ərazisindən narkotik tranzitini tamamilə əngəlləyəcək./report