Tiflisdə seçki GƏRGİNLİYİ - Etirazçılar küçələrə axışdı / Yenilənib 2

Xüsusi təyinatlılar etirazçıları dağıdır

Xəbər verdiyimiz kimi, Tiflisdə minlərlə etirazçı şəhərin mərkəzində yerləşən Prezident Sarayına basqın etməyə cəhd göstərib. 

Stopnarkotik.az xəbər verir ki, hazırda xüsusi təyinatlılar etirazçıları su şırnaqları və gözyaşardıcı qazdan istifadə edərək dağıdır.

Qeyd edək ki, bundan əvvəl Daxili İşlər Nazirliyi mitinq iştirakçılarını polisin qanuni göstərişlərinə tabe olmağa və vəziyyəti süni şəkildə gərginləşdirməməyə çağırıb. Nazirlik bildirib ki, aksiyanın gedişində ictimai təhlükəsizliyin və asayişin qorunması məqsədilə bütün qanuni tədbirlər görüləcək. 

*** 19:34

**

Prezident Sarayına basqın cəhdi

Tiflisdə minlərlə etirazçı şəhərin mərkəzində yerləşən Prezident Sarayına basqın etməyə cəhd göstərib. Etirazçılar Azadlıq meydanında toplaşaraq hakimiyyətin xalqa məxsus olduğunu bildiriblər.

Stopnarkotik.az xəbər verir ki, etirazçılar Gürcüstanın baş naziri İrakli Kobaxidze, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Mamuka Mdinaradze, parlamentin spikeri Şalva Papuaşvili, “Gürcü Arzusu” Partiyasının fəxri sədri Bidzina İvanişvili, deputat Tea Tsulukiani və Dövlət Mühafizə Xidmətinin rəhbəri Anzor Çubinidzenin həbsini tələb ediblər.

“Biz prezident sarayının açarlarını əldə etmək niyyətindəyik. Bu, ilk addım olacaq”, – təşkilat komitəsinin üzvü, sabiq baş prokuror Murtaz Zodelava bildirib.

Hazırda Zodelava və bir qrup fəal administrasiya binasına daxil olmağa çalışır.

Xüsusi təyinatlılar etirazçılara qarşı xüsusi vasitələrdən istifadə etməyə başlayıb. Gürcüstan Daxili İşlər Nazirliyi səhər açıqlamasında etirazçıları qanuna riayət etməyə çağırıb və polisin istənilən qanun pozuntusuna cavab verəcəyini bildirib.

İctimai asayişi qorumaq məqsədilə Tiflisdə Prezident Sarayı və ətraf ərazilərdə Daxili İşlər Nazirliyinin əlavə qüvvələri səfərbər edilib.

***18:56

Hakim partiya 70 faiz səsə iddialıdır

Gürcüstanın hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının namizədləri bütün bələdiyyələrdə 70%-dən çox səslə inamlı qələbə qazanır.

Bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze brifinqdə bildirib.

"Seçki qərargahımızın məlumatına görə, "Gürcü arzusu" bütün bələdiyyələrdə həm mer, həm də məclis seçkilərində inamla qalib gəlir. Üstəlik, bütün bələdiyyələrdə, o cümlədən Tiflisdə və digər böyük şəhərlərdə “Gürcü arzusu”nun lehinə səslər 70%-dən yuxarıdır", - Kobaxidze deyib.

Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, saat 17:00-a qədər 1 milyon 175 min 817 seçici səsvermədə iştirak edib ki, bu da ümumi seçicilərin 33,5 faizini təşkil edir.

**

**' 18:34

Gürcüstanın paytaxtı Tiflisdə yerli seçkilər ərəfəsində etiraz aksiyaları keçirilib.

Stopnarkotik.az xəbər verir ki, oktyabrın 4-də yüzlərlə etirazçı Rustaveli prospektini bağlayaraq parlament binasının qarşısına və Müqəddəs Georgi abidəsinin yerləşdiyi Azadlıq meydanına toplaşıb.

Aksiya iştirakçıları hökuməti Rusiya ilə sıx əlaqələrdə ittiham edərək, Gürcüstanın azad və müstəqil gələcəyini tələb ediblər.

Tələbələrin və müxalif fəalların iştirakı ilə keçirilən mitinqdə hakimiyyət əleyhinə şüarlar səsləndirilib və dinc dəyişikliklərə çağırışlar edilib.

Qeyd edək ki, Gürcüstanda yerli seçkilər səhər saat 8:00-da başlayıb və axşam saat 20:00-da başa çatacaq. Seçkilərdə 12 siyasi partiya iştirak edir, Tiflisdə isə 9 namizəd mer postu uğrunda mübarizə aparır./musavat.com