TEHRANDA DƏHŞƏTLİ VƏZİYYƏT: Şəhəri zəhərli tüstü bürüdü, sakinlər boğulur

Tehranda gecə saatlarında neft anbarlarına endirilən zərbələrdən sonra şəhərdə ekoloji vəziyyət kəskin pisləşib. Qalın qara tüstü şəhəri bürüyüb, səma hətta gündüz saatlarında belə qaranlıq görünür.

Bu barədə CNN məlumat yayıb.

Tehran sakinləri baş verənləri “apokalipsis” kimi qiymətləndirir və nəfəs almaqda çətinlik çəkdiklərini bildirirlər.

Şahidlərin sözlərinə görə, şəhər sanki qaranlığa qərq olub: “Səma qara rəngdədir. Elə bil boğuluruq”.

Gecə neft anbarlarına endirilən zərbələrdən danışan şahidlərdən biri bildirib ki, gördükləri mənzərə dünyanın sonunu və ya cəhənnəmi xatırladır.

Bu gün səhər saatlarında isə sakinlər qara rəngli yağış suyunun yağdığını görüblər. Bunun İsrailin neft obyektlərinə hücumlarının nəticəsi olduğu bildirilir. Şəhərdə havaya yayılan tullantılar səbəbindən vəziyyət ağır olaraq qalır.

İranın Qırmızı Aypara Cəmiyyəti xəbərdarlıq edib ki, yanacaq çənlərindən atmosferə yayılan zəhərli kimyəvi maddələr turşulu yağışlara səbəb ola bilər. Bu yağışlar dəridə kimyəvi yanıq yarada, həmçinin ağciyərlərə ciddi zərər verə bilər.

Tehran sakinlərinə xüsusi göstəriş verilənədək evlərini tərk etməmələri tövsiyə olunub./musavat.com