Taksilərlə bağlı fobiya: bu sektorun aqibəti necə olacaq?

Xəbər verdiyimiz kimi, bir neçə gün bundan öncə paytaxtda 25 yaşlı gənc bütün ailə üzvlərini amansızlıqla qətlə yetirib. Ölkəni sarsıdan, məlum cinayət hadisəsindən sonra həmin şəxs haqqında bir sıra məlumatlar yayılmağa başladı. 

Bunlardan biri də Əhmədin taksi sürücüsü olması ilə bağlıdır. Psixi problemləri olan adamın taksi sürücü olaraq fəaliyyət göstərməsi cəmiyyətdə müəyyən narahatlıq doğurub və sürücülərə qarşı inam azalmağa başlayıb. Vəziyyət o həddə çatıb ki, sözügedən fakt şəhər ərazisindəki taksidə çalışan insanların çörəyinə bais olub.

Məsələ ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov "Yeni Sabah"a açıqlama verib. Qeyd edib ki, bu məsələ ilə bağlı aidiyyatı qurumlar öz üzərinə düşən öhdəlikləri yerinə yetirməli, nəzarət gücləndirilməlidir:

“Düşünmürəm ki, bu daim belə olacaq. Sadəcə əsəb pozuntusu olan bir adam bu ailə faciəsini törədib. Belə hadisələrdən insanlar təkcə nəticə çıxarmalıdırlar. İnsanların həmin məsələdə barədə qorxusu, narahatlığı təbiidir, başa düşüləndir. Amma bu qorxu çox uzun müddət çəkməyəcək. Yaxın vaxtlarda unudulub yaddan çıxacaq.

Bir məqamı da qeyd edim ki, sürücülər daim nəzarətdə saxlanılmalı, yoxlama və təlimlərə cəlb edilməlidirlər. Qeyd etdiyim proseslər aidiyyatı qurumların işidir. Onlar məsələyə diqqətli və həssas şəkildə yanaşmalıdır. İnanmıram ki, bu sahə nəzarətsiz qalar. Yəqin ki, problem barədə müəyyən addımlar atılacaqdır”.

Mövzuya münasibət bildirən psixoloq Gülnar Orucova isə öz fikirlərini belə bildirib:

“Bu sahə üzrə müəyyən qanunlar qəbul olunur. Artıq bir sıra tələblərə cavab verən şəxslər bu işlə məşğul ola biləcəklər. Ümumiyyətlə, hər kəs hansı yolla olursa-olsun sürücülük vəsiqəsi əldə edə bilir. Bu zaman heç bir psixoloji test keçirilmir. Hətta ikinci dəfə həmin vəsiqəni çox rahatlıqla dəyişə bilirlər. Taksi fəaliyyəti ilə məşğul olan sürücü psixoloji testdən keçməlidir.  

Bizim insanlarda bir az xof var. Hər hansı bir mənfi hadisə və durumun təsirində həddən çox qalırlar. Bu da millətimizin mərhəmətli olmasından irəli gələn bir vəziyyətdir. Bir müddət insanlar həmin cinayətin təsirində qalacaqlar. Çünki bu yaşanmayan bir hadisədir ki, bir insan öz ailəsini tamamilə məhv etsin.

İnsanlara tövsiyə edərdim ki, bu kimi olayları xatırlayıb, özünü qorxutmağa çalışmasın. Burada medianın da rolu güclüdür. Hər gün həmin qətl barədə müxtəlif xəbərlərin tirajlanması da panikaya meylli olan adamlarda müəyyən narahatlıqlar yarada bilər. Bu tipli xəbərlərdən artıq uzaq durmaq, görəndə fikir verməmək, bu hadisə barədə müzakirə aparan şəxsləri dinləməmək, öz həyatımıza yönəlmək daha doğru olar. 

Bütün cinayət törədənlər taksi sürücüsü olduğunu düşünmək yanlışdır. Heç bir məntiqə əsaslanmır. Hər sahədə fəaliyyət göstərən insan cinayət törədə bilər. Azərbaycanda heç bir taksi sürücüsünün sərnişini qətlə yetirdiyi hələ heç yerdə görülməyib. Ancaq əksinə olaraq, bu sahədə çalışan adamlara bir çox qəsdlər olub. Düşünürəm ki, bu, onlara haqsızlıqdır”.

  •