Sumqayıt-Bakı sürət qatarı naqillər oğurlandığı üçün xəttə çıxmayıb – RƏSMİ AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Bakı ətrafı sürət qatarından istifadə edən sərnişinlər xeyli müddət platformalarda qalmalı olublar. Belə ki, saat 07:05 dəqiqədə Sumqayıtdan Bakı istiqamətinə yola çıxmalı olan Sumqayıt-Pirşağı-Bakı sürət qatarı qeyri-müəyyən səbəblərə görə xəttə çıxmayıb.  

Bundan xəbərsiz olan sərnişinlər xeyli müddət yolda qalıb. Saat 07:15-də Sumqayıtdan çıxmalı olan növbəti qatar da xəttə qrafikdəki vaxtdan gec çıxıb. Nəticədə sərnişinlər həm mənzil başına xeyli gec çatıb, həm də qatarda böyük sıxlıq yaşanıb. 

Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC Bizim.Media-ya bildirilib ki, Abşeron dairəvi  dəmir yolunda rabitə və işarəvermə xəttinə kənar müdaxilə olub: 

“Yəni kimlərsə oğurluq məqsədi ilə elektrik naqillərini kəsib götürüb. Bunun da nəticəsində Sumaqyıt- Pirşağı – Bakı xəttində işıqforlar daimi olaraq qırmızı yanıb. Ona görə də qatarların hərəkət qrafikində müvəqqəti gecikmə baş verirb. Lakin, oğurluq səbəbi ilə baş vermiş texniki nasazlıq qısa müddətdə aradan qaldırılıb. Hazırda Bakı ətrafındakı dəmir yollarında qatarlar mövcud qrafikə uyğun hərəkət edir”.