İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rüşvət almada təqsirləndirilən əməkdaşları - Aydaş Məmmədov və Mirhəmid Ağayevin barəsindəki hökmdən apellyasiya şikayəti verilib.
Stopnarkotik.az pravda.az-a istinadən xəbər verir ki, Sumqayıt Apellyasiya Məhkəməsində keçiriləcək proses avqustun 9-na təyin edilib.
Şikayət hakim Elman Əhmədovun sədrliyi ilə araşdırılacaq.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Məmmədov Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 və 313-cü (rüşvət alma və vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinib. Ona 2 il 6 ay dövlət qurumlarında vəzifə tutmaq qadağan edilməklə 8 il 6 ay müddətə həbs cəzası verilib. M.Ağayev isə rüşvət almada iştirak etmə və vəzifə saxtakarlığında təqsirli bilinib. Ona 1 il 6 ay vəzifə tutmaq qadağan edilməklə 3 il 6 ay həbs cəzası verilib.
Qeyd: Baş Prokurorluğun yaydığı məlumatda onların 2019-2022-ci illər ərzində Abşeron rayonu ərazisində müvafiq torpaq sahələrinə aid sxemlərin təsdiqi, texniki pasport və çıxarışların verilməsi müqabilində müraciət etmiş ayrı-ayrı şəxslərdən rüşvət almaları bildirilib. Onlarla yanaşı iki makler də saxlanılıb. Qanunsuz əməllərin üzə çıxmasından sonra Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin müdir müavini Etibar Qasımov və 10-a yaxın əməkdaş işdən çıxarılıb.