Rusiyada terror aktları planlaşdıran 13 yaşlı yeniyetmə saxlanıldı

Rusiyanın Həştərxan şəhərində güc strukturlarının əməkdaşları Həştərxan vilayəti və Dağıstan Respublikasının ərazisində terror aktları törətməyi planlaşdıran 13 yaşlı yeniyetməni saxlanıb.

Bu haqda Həştərxanın Sovet rayon məhkəməsinin mətbuat xidməti məlumat yayıb.

Yeniyetmə yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulan müvəqqəti təcridxanaya yerləşdirilib.

“Məhkəmə iclası zamanı müəyyən edilib ki, 2012-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan şəxs, Həştərxan vilayəti və Dağıstan Respublikası ərazisində terror aktları törətmək məqsədilə yaşadığı ünvanda kustar üsulla partlayıcı qurğu hazırlayıb. Bundan əlavə, "Telegram" messencerində abunəçilərə partlayıcı qurğuların hazırlanmasını öyrətmək məqsədilə bir icma yaradıb. İnzibati iddia ərizəsi təmin edilib. Məhkəmənin qərarı ilə yetkinlik yaşına çatmayan şəxs Həştərxan vilayəti üzrə Rusiya DİN-in Yetkinlik Yaşına Çatmayan Hüquqpozanların Saxlanılması Mərkəzinə 30 sutkadan artıq olmayan müddətə yerləşdirilib”, – məlumatda qeyd olunub.