Rusiyada sərnişin təyyarəsi qəzaya uğradı: ÇOX SAYDA ÖLƏN VAR - VİDEO / YENİLƏNİB-1

Amur vilayətində qəzaya uğrayan “An-24” təyyarəsinin bütün sərnişinləri həlak olub.

Bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

İlkin versiya kimi pis görüntü şəraitində eniş zamanı ekipajın səhvi nəzərdən keçirilir.

Xilasetmə qrupları ərazinin çətin keçilən olması səbəbindən qəza yerinə enə bilməyiblər, buna görə də yanmaqda olan təyyarə qalıqlarına piyada yollanıblar.

Bundan əlavə, qəza yerində yanğın baş verib.

***10:54

Rusiyada radarlardan itən “An-24” sərnişin təyyarəsinin qalıqları Tındadan 15 km məsafədə aşkar edilib.

Rusiya KİV xəbər verir ki, bu barədə təcili xidmətlər məlumat verib.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, axtarış işləri zamanı “Rosaviasiya”nın “Mi-8” helikopteri “AN-24” təyyarəsinin gövdəsini aşkar edib.

Qurum əlavə edib ki, təyyarə düşdükdən sonra yanıb. Xilasedicilər qəza yerinə yollanırlar.

Bildirilib ki, təyyarədə 43 sərnişin (onlardan 5-i uşaq) və 6 ekipaj üzvü olub.

***10:22

Rusiyanın Amur vilayətində sərnişin təyyarəsi radarlardan itib, onunla əlaqə yoxdur.

Bu barədə "İnterfaks" təcili xidmətlərə istinadən məlumat yayıb.

Təyyarənin göyərtəsində 40 sərnişin və 6 ekipaj üzvü var.

Bildirilib ki, “An-24” təyyarəsi Xabarovsk-Blaqoveşensk-Tında marşrutu ilə hərəkət edirdi.

Son nöqtəyə yaxın sərnişin təyyarəsi radardan itib.