Rusiyanın kosmosa nüvə silahı yerləşdirmə planları son günlər dünyanın ən mühüm gündəm mövzularından birinə çevrilib.
Britaniyanın “Daily Mail” nəşri “qiyamət silahı” adlandırdığı nüvə silahının Putinin son ümidi olduğunu bildirib.
Nəşr qeyd edib ki, Putinin yeni planı təkcə ABŞ və Avropanı deyil, Rusiyanın müttəfiqləri olan Çin və Hindistanı da qorxutmalıdır. Nəşr nüvə silahının bütün rabitə şəbəkələrini, hərbi müdafiə sensorlarını, eləcə də Yer kürəsində müasir həyatı demək olar ki, qeyri-mümkün edə biləcəyini yazıb.
“Daily Mail”- ə görə, kosmosda müharibə baş verərsə, partladılmış peyklərin hissələrinin Yerə düşmə riski böyükdür. Qeyd olunub ki, bu hissələr əhalinin sıx məskunlaşdığı ərazilərə düşsə, nəticə daha dəhşətli olacaq.
Nəşr kosmosda başlanacaq müharibənin “dəlilik” olacağını yazaraq, Putinin çevriliş kimi böyük təhlükələrlə üz-üzə qalacağı təqdirdə sözügedən silahdan istifadə edəcəyini iddia edib.
Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, “ABŞ kəşfiyyatı Rusiyanın bu imkanından məlumatlı olsa da, hazırda bu silah işlək vəziyyətdə deyil”.
Kirbi, ABŞ rəsmilərinin ortaya çıxan texnologiya ilə bağlı əllərində olan məlumatları təhlil etdiklərini və bu mövzuda müttəfiqləri və ortaqları ilə məsləhətləşmələr apardıqlarını vurğulayıb.
Kremlin sözçüsü Dmitri Peskov isə bu iddiaları “uydurma” adlandırıb./azpolitika.info