Rəhim: “Anam polis olduğu üçün mənə narkotik vermirdilər”
“Anam utandığından evdən oğurluq etdiyimi kimsəyə demirdi”
Rəhimin 33 yaşı var. Pirallahıda böyüyüb və hazırda da orada yaşayır. Deyir ki, 9-cu sinifdə oxuduğu illərdən - 14 yaşından narkotik istifadə etməyə başlayıb. 15 ilə yaxın aludəçi olan Rəhim, xüsusilə də son 2-3 il ərzində ağır narkotikdən istifadə edib, iynə vurub.
Həmsöhbətimiz söyləyir ki, anası polis əməkdaşı olduğundan məhəllədə narkotik istifadə edən şəxslər ondan ehtiyat ediblər. Bu səbəbdən də narkotiki ondan gizlin istifadə edib, istədikdə isə verməyiblər.
Onun sözlərinə görə, narkotik almaq üçün evdən dəfələrlə oğurluq edib. Lakin anası utandığından hər kəsin yanında evdən oğurluq etmədiyini deyirmiş.
Bildirir ki, bir müddət narkotikdən uzaq durub. Sonra Pirallahıdan köçərək Bakıda işləməyə başlayanda yenidən ağır narkotikə qayıdıb.
O deyir ki, oğurluq etdiyi üçün həbsdə də yatıb.
Rəhim vurğulayır ki, o, narkoman olduğu üçün qohumları sevinib: “Bəzi qohumlar sevinirdi ki, mən narkoman olmuşam”.
Artıq 2 ilə yaxındır “ayıq” olan həmsöhbətimiz həyatını bizimlə bölüşür. Buyurun, izləyin, verilişimizi paylaşmağı, kanalımızı bəyənməyi unutmayın.
Stopnarkotik.az