POLİS CİNAYƏT BAŞINDA YAXALAYIR, MƏHKƏMƏ AÇIB BURAXIR… - Külli miqdarda narkotiklə saxlanılan şəxslər necə azadlığa çıxır? / II YAZI

Stopnarkotik.az saytında külli miqdarda narkotiklə yaxalanan şəxslərin qısa müddət sonra məhkəmə tərəfindən azadlığa buraxılması haqda yazı dərc etmişdik.

Qeyd etmişdik ki, Daxili İşlər Nazirliyi əməkdaşlarının, yaxud da digər müvafiq qurumların günlər öncədən hazırladığı əməliyyat nəticəsində cinayət başında və külli miqdarda narkotiklə yaxalanan şəxslərin məhkəmə tərəfindən cəmi bir neçə həftə sonra sərbəst buraxılması anlaşılan deyil. Görünür, məhz bu səbəbdən də cəmiyyətdə belə bir rəy formalaşıb ki, “narkotiklə tutulan şəxslərin azadlığa çıxması problem deyil, hər kiloqramın öz qiyməti var…”.

Əlbəttə, Stopnakotik.az saytı olaraq, biz istənilən narkotik tacirlərinin məhkəməyə rüşvət verərək, sərbəst qalmaq imkanına malik olduğunu düşünmürük. Ən azı ona görə ki, Azərbaycanda narkomaniyaya və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə aparılır və hansısa hakimin, yaxud da məmurun ölkə başçısına “meydan oxuyacaq” qədər cəsarət sahibi olduğuna inanmırıq.

Lakin, ötən yazımızda da qeyd etdiyimiz kimi, narkotik ticarəti ilə əlaqədar saxlanılan bəzi şəxslərin əlini-qolunu sallayaraq məhkəmədən çıxması da faktdır və bunu kimsə inkar edə bilməz. Şübhəsiz, həmin şəxslər barəsində qərar verən hakim “ittiham təsdiqini tapmadı” deyərək, özünü “sudan quru çıxarmağı” bacaracaq. Çünki bu durumda kimsə onun qərarını çək-çevir etməyəcək. Amma bu vəziyyətin kütləvi hal alması, yəni polisin həbs etdiyi narkotaciri məhkəmələrin açıb buraxması, çox təəssüflə qeyd edirik ki, Azərbaycanda narkomaniyaya və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə zərbə vurur. Odur ki, bu məsələ bir daha müvafiq qurumlar tərəfindən gözdən keçirilməlidir.

Məlumat üçün onu da vurğulayaq ki, sonuncu dəfə narkotiklə əlaqədar həbs olunan şəxsin azadlığa çıxması faktı ötən həftə qeydə alındı. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Ramin Rəhimovun “əməlində cinayət tərkibi olmadığı” aşkarlanaraq, barəsində bəraət hökmü çıxarıldı və məhkəmə zalından azadlığa buraxıldı.

Bir daha qeyd edirik ki, biz Ramin Rəhimovun qanunsuz olaraq azadlığa buraxıldığı və hakimin bu iş üçün rüşvət aldığı iddiasını irəli sürmək fikrindən uzağıq. Sadəcə, hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyatla həbs olunaraq, barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik dövriyyəsi) maddəsi ilə ittiham irəli sürülərək, həbs qətimkan tədbiri seçilən şəxsin, sonradan günahsız olduğu necə sübuta yetirilib?

Bir anlıq düşünək ki, R.Rəhimov həqiqətən də günahsız olub və onun cibinə, çantasına, ya da avtomobilinə narkotiki bu və ya digər səbəbdən hüquq-mühafizə orqanlarının əməkdaşları atıb, ya da o, “un almağa gedibmiş, səhvən narkotik çıxıb”. Maraqlıdır, belə olduğu halda ona “torba tikən”, günahsız yerə aylarla həbsdə yatmasına səbəb olan şəxslər nə üçün cinayət məsuliyyətinə cəlb olunmamalıdır? Yox, Ramin Rəhimov, eləcə də narkotiklə tutularaq qısa müddətdə azadlığa çıxan digər şəxslər həqiqətən də günahkardırlarsa, o halda onlar necə sərbəst qalırlar?

Hesab edirik ki, bütün sualların cavabını aydınlaşdırmaq üçün müvafiq qurumlar narkotiklə bağlı cinayət işlərini nəzarətdə saxlamalıdırlar. Əks halda ölkədə böyük zəhmət və maliyyə hesabına narkotik ticarətinə qarşı aparılan mübarizə öz müsbət nəticəsini verə bilməz.

Stopnarkotik.az