Oğlunun xeyir işində kürəkənini öldürdü, hökmdən şikayətçidir - TƏFƏRRÜAT

Bakıda kürəkənini qətlə yetirməkdə təqsirli bilinən Mehdi Abdullayev Ali Məhkəməyə şikayət edib.

Stopnarkotik.az olke.az-a istinadən xəbər verir ki, onun şikayətinə hakim Nazim Mövsümovun sədrliyi ilə keçiriləcək məhkəmə prosesində baxılacaq.

İş üzrə məhkəmə baxış iclasının vaxtı təyin olunub. 

Hadisənin təfərrüatlarına gəlincə qeyd edək ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində 1981-ci il təvəllüdlü Mirzəyev Taleh Vaqif oğlunun bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan ilkin araşdırmalarla zərərçəkmiş şəxsin qayınatası 1964-cü il təvəllüdlü Abdullayev Mehdi Adıgözəl oğlunun şəxsi münasibətlər zəminində aralarına yaranmış mübahisə zamanı Taleh Mirzəyevə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

Mehdi Abdullayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə dindirilmiş Mehdi Abdullayev bildirib ki, 1987-ci ildə ailə həyatı qurub və nikahdan iki qızı, bir oğlu dünyaya gəlib. 

2009-cu ildə Moskva şəhərində qəsdən adam öldürmə maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunub. 2 ildən sonra həmin iş üzrə məhkəmənin hökmü ilə bəraət alıb. 
2019-cu ilsə Moskvadan Bakıya gəlib və pandemiya ilə əlaqədar geri qayıda bilməyib. Taleh Mirzəyev onun böyük qızı Günayla evli olub. Taksi fəaliyyəti ilə məşğul olan kürəkəni mütəmadi olaraq spirtli içki qəbul edib. 

Günlərin bir günü kürəkəni ona zəng edərək deyib ki, "Gəl qızını apar. Səhərə qədər sağ qalmayacaq onu öldürəcəyəm". Buna görə də oğlu ilə kürəkəninin yaşadığı evə gediblər. Aralarında yaranan mübahisə zamanı Taleh yumruq zərbəsi ilə onu vuraraq yerə yıxıb. Oğlu yeznəsini vurmaq istəyəndə qızı aralarına girib buna mane olub. Sonradan həmin hadisə ilə bağlı polisə məlumat verilib və mübasibətlər yoluna qoyulub.

Axırıncı dəfə Taleh Günayı hamilə vəziyyətdə döydüyü üçün qızı 2021-ci ilin əvvəllərində onların evinə gəlib və yoldaşından boşanmaq istədiyini deyib.

Mehdi Abdullayev ifadəsinin davamında bildirib ki, oğlunun toyu ilə əlaqədar martın 14-də yaşadığı evdə 16 nəfərdən ibarət yığıncaq təşkil edib. Günay ərinin COVID-19 virusuna yoluxduğuna görə məclisə gələ bilməyəcəyini deyib. Amma gözlənilmədən saat 18:00 radələrində kürəkəni əlində bir dəstə gül onlara gəlib. Evlənən cütlüyü təbrik edərək kişilər yığışan otağa keçib. 

Abdullayev bildirib ki, təxminən 1 saatdan sonra Talehin dəhlizdə yüksək səslə yoldaşının üstünə qışqırdığını eşidib. Yaxınlaşıb kürəkəninə "səsinin aləmi götürüb, keçin içəridə danışın" deyib. Evində xeyir iş olduğunu söyləyərək qızı ilə mübahisə yaratmamasını xahiş edib. Lakin Taleh israrla Günayın mütləq öz evlərinə getməsini bildirib. 

"Dedim, Taleh evdə xeyir iş var belə eləmə. Dedi, günah qızındadır. Dedim, ikiniz də mənim balamsınız. Böyüklərlə danışıb həll eləmişik bütün problemləri. Sonra gördüm, bu elə öz dediyini deyir. Mətbəxdə qadınlarla da başladı mübahisə etməyə, dedim, siz çıxın mətbəxdən mən özüm yoluna qoyacağam. Bunlar çıxandan sonra Talehlə mətbəxə keçdik və bu an gözümə bıçaq sataşdı".

Mehdi Abdullayevin sözlərinə görə, bıçağı götürüb qonaq otağına qayıdıb. Oğlunun xeyir işinin qanla qutarmasını istəməsə də, kürəkəni ona başqa çıxış yolu qoymayıb. Talehin onun qızını qonaqların yanında təhqir etməsini qəbul edə bilməyib. Qonaq otağından çıxaraq dəhlizdə kürəkəninin boğazına bıçaqla bir dəfə zərbə vurub. Taleh dizlərini yerə qoyub xırıldaya-xırıldaya nəsə deməyə çalışsa da, üzü üstə yıxılaraq keçinib. 

Məhkəmə prosesi zaman şahid və zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri dinlənilib.

Mehdi Abdullayev ittiham üzrə özünü təqsirli bilib. 

Sonda məhkəmənin hökmü ilə Mehdi Abdullayev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.