Bakıda nişanlısını qətlə yetirməkdə təqsirli bilinən Nəcəf Məcidovun cinayət işi üzrə təfərrüatlar məlum olub.
Qətl hadisəsi Xəzər rayonunda baş verib. Binə qəsəbəsində yaşayan, 1991-ci il təvəllüdlü Ağayeva İlahə Dəyanət qızı nişanlısı Nəcəf Məcidova üzüyü qaytardığı barədə xəbər göndərib. Bundan sonra N.Məcidov tələb edib ki, keçmiş nişanlısı onunla görüşsün. Qız bunu qəbul etmədityi üçün N.Məcidov gecə saatlarında onun evinə gedərək boğaz nahiyəsinə bıçaqla bir neçə zərbə vurub. Hadisənin qarşısını almaq istəyən İ. Ağayevanın bacısı, 1997-ci il təvəllüdlü Rəhimə Ağayeva isə iki bıçaq zərbəsi alıb.
İ. Ağayeva hadisə yerində ölüb, R. Ağayeva isə xəstəxanaya yerləşdirilib. Onu xilas etmək mümkün olub.
Keçirilən əməliyyat tədbirləri nəticəsində Nəcəf Məcidov polis əməkdaşları tərəfindən saxlanılıb.
İş üzrə dindirilmiş Nəcəf Məcidov ifadəsində göstərib ki, 2012-ci ildə Xəzər rayon məhkəməsinin hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Lakin 2 il cəza çəkdikdən sonra amnistiya aktı ilə vaxtından əvvəl azadlığa çıxıb.
2016-cı ilin sentyabr ayında qonşuluqda yaşayan İlahə Ağayeva ilə nişanlanıb və dini kəbin kəsdiriblər. Lakin toy etmədiklərindən ayrı yaşayıblar. İlahənin anası qızının onunla nişanlanmasına narazı olub. Müxtəlif üsullarla onlara mane olmağa çalışıb və onu övladının gözündən salıb. Qızını bacısı oğluna verəcəyini deyib. İlahəni onun kimisinə getməyinə görə qınayıb.
Martın 1-də Məcidov nişanlısının ona qarşı fikrinin necə olmasını, anası ilə razılaşıb-razılaşmadığını bilmək üçün İlahə ilə söhbət etmək istəyib. Müsbət cavab almayacağı təqdirdə qızı öldürmək qərarına gəlib. Bu səbəbdəndə martın 5-nə keçən gecə İlahə telefonla danışarkən sonuncu anasının işdə olduğunu deyib. Ona gecəylə görüşmək istədiyini və həyətlərinə gəlmək istədiyini desə də, İlahə əvvəl razılaşmayıb, buna baxmayaraq, Nəcəf təkid edib və nişanlısı razılaşıb.
Saat 2:00 radələrində Məcidov hasardan onların həyətinə düşüb. Əvvəl həyətdə sonra hava soyuq olduğundan ayrı girişi olan hamam otağına daxil olub söhbət ediblər. İlahədən anasının onları ayırmaq niyyətində olmasına mübasibətini öyrənmək istəyib. Ağayeva anasının kimə ərə versə, ona da gedəcəyini söylədikdə, Nəcəf cibindən çıxardığı bıçaqla qıza zərbələr vurub.
Həmin an neçə zərbə vurması yadında qalmayıb. Hamamın qapısı açıq vəziyyətdə olduğundan qışqırıq səsinə bacısı həyətə düşüb. Rəhimə hamama girəndə, Nəcəf İlahəni buraxıb və ona da bir dəfə xəsarət yetirib. Sonra Rəhiməni itələyib. Huşsuz vəziyyətdə yerdə uzanmasından onun da öldüyünü zənn edib. Qonşuların gələcəyindən ehtiyatlanan Nəcəf hadisə yerindən qaçıb.
Zərərçəkmiş şəxsin hüquqi varisi Cahan Ağayeva bildirib ki, Məcidova qarşı heç vaxt pis münasibət göstərməyib. Martın 3-də Nəcəf ondan işə gedib-getməyəcəyini soruşduqda o, qəsdən işdə ayın 8-də olacağını deyib. Martın 4-də işə çıxıb, Bakı-Qazax qatarı ilə yola düşüb. Hələ ölkə hüdudlarını tərk etməmiş qardaşı zəng edib bacısının qəzaya düşməsini və onun evə qayıtmasını bildirib. O, təcili olaraq qatardan enib, geri Bakıya qayıdıb.
Ağayevaya məlum olub ki, Nəcəf onun evdə olmamasından istifadə edib, İlahəni həyətə çağırıb və bıçaqla vurub onu öldürüb. Sonra isə digər qızını yaralayıb.
Məhkəmə prosesində Nəcəf Məcidov ittiham üzrə özünü təqsirli bilib.
Sonda məhkəmənin hökmü ilə o, cinayət məcəlləsinin bir neçə maddəsi ilə təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum olunub. /olke.az