“Otaqda tanımadığım insanlar görür, qəribə səslər eşidirdim”
“Artıq özümü öldürmək həddinə gəlib çıxmışdım”
“Əvvəllər divara baxıb, özümlə söhbət edirdim, sonralar isə artıq divarla söhbət etməyə başladım”
Bayramın 28 yaşı var. Yaşının yarısını, həyatının 14 ilini narkotikə qurban verib. Artıq 18 aydır “ayıq” olan hömsöhbətimiz deyir ki, onu uşaqlıq travmaları, ailədaxili problemlər narkotik istifadəçisinə çevirib. Bildirir ki, 14-15 yaşınadək ibadətlə məşğul olub, - namaz qılıb, oruc tutub, həmişə boş vaxtlarını məsciddə keçirməyə maraq göstərib. Lakin sonradan “həyatında yaranan boşluq” onu ibadətdən uzaqlaşdırıb, içki və narkotik asılısına çevirib.
Bakıda böyüyən Bayram qeyd edir ki, atası içki asılısı olduğundan, tez-tez ailədə problem yaşanırmış. Məhz bu səbəbdən valideynləri ayrılmaq məcburiyyətində qalıb. Sonradan hər ikisi – həm anası, həm də atası yeni ailə qurub və bu zaman o, atasının yanında qalıb. Müsahibimiz düşünür ki, ailəsində yaşanan hadisələr fonunda sevgisiz şəraitdə böyüməsi onu narkotikə tərəf sürükləyib. Bu səbəbdən də artıq məktəb yaşlarından - 8-9-cu sinifdən narkotik istifadə etməyə başlayıb.
Hazırda “Çıxış Yolu” Reabilitasiya Mərkəzində müalicəsini davam etdirən, o cümlədən gənc narkomanların sağalmasına dəstək göstərən Bayram deyir ki, bu mərkəzdə “öz doğmalarını” tapıb: “Həyatımdakı boşluğu burdakı qardaşların mənə isti münasibəti ilə doldururam”. Onun sözlərinə görə, atası rəhmətə gedəndən sonra çətin günləri başlayıb, “tam boşluğa” yuvarlanıb.
Bayram onu da bildirir ki, atası araq içdiyinə görə o, heç vaxt içkinin bu növünə maraq göstərməyib: “Atam içdiyinə görə, arağa nifrət etmişəm, pivə ilə başlamışam”. Buna baxmayaraq, atası dünyasını dəyişənədək oğlunun ağır narkotik istifadə etdiyindən xəbərsiz olub. Anası bu haqda məlumat tutduqda isə günlərlə ağlamağa başlayıb. Hətta tez-tez “mən harda səhv etdim?”, - deyə özünə sual verirmiş.
Beləlilkə, artıq ağır narkotik istifadəçisinə çevrilən Bayram illər sonra bu zərərli vərdişindən əl çəkmək istəyib. “Narkotikdən də, həyatımdan da bezmişdim”, - deyən müsahibimizin sözlərinə görə, günlərlə, həftələrlə sağalmasına yol göstərmək üçün Allaha yalvarıb: “2024-cü il, yanvarın 12-dən fevralın 6-dək hər gün Allaha yalvarırdım ki, sağalmağıma kömək elə, mənə yol göstər”.
“Artıq özümü öldürmək həddinə gəlib çıxmışdım”, - deyən Bayram bildirir ki, narkotik istifadə etdikdən sonra otaqda gözünə insanlar görünür, səslər eşitməyə başlayırmış.
“Əvvəllər divara baxıb, özümlə söhbət edirdim, sonralar isə artıq divarla söhbət etməyə başladım”, - deyən Bayramın sözlərinə görə, sağalmaq haqda qərar verdikdən sonra xalasının dəstəyi ilə reabilitasiya mərkəzinə yerləşdirilib.
Buyurun, Bayramın həyat hekayəsini daha ətraflı onun öz dilindən eşidin:
Stopnarkotik.az