MTN zabitinin 6 dəfə yerini dəyişdilər - Hər dəfə qurban tapdı...

Qaradağ Rayon Məhkəməsində 9 saylı cəzaçəkmə müəssisəsində dustaq yoldaşına qarşı dələduzluq etmiş ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin zabiti Vüqar Allahverdiyevə hökm oxunub.

Stopnarkotik.az “qafqazinfo”ya istinadən xəbər verir ki, əvvəllər MTN-nin Baş Maliyyə İdarəsində kapitan rütbəsi ilə Nəzarət-Təftiş şöbəsinin rəisi işləmiş 1981-ci il təvəllüdlü V.Allahverdiyevin hazırkı cəzası da toplanmaqla 10 il həbs cəzası verilib.

Araşdırmalar zamanı məlum olub ki, V.Allahverdiyev 2021-ci ildə Göygöl rayonunda həmkəndlisini qətlə yetirmiş 63 yaşlı Fəxrəddin Qocayevin oğlunun telefon nömrəsini əldə edib. O, Qaradağ rayonu ərazisindəki 9 saylı cəzaçəkmə müəssissəsində olarkən məhbus yoldaşının oğluna zəng edərək özünü Ədliyyə Nazirliyinin vəzifəli şəxsi kimi qələmə verib və adının Anar olduğunu, F.Qocayevin adını 35 min manat müqabilində əfv siyahısına saldıra biləcəyini deyib. Bu vədlə o, F.Qocayevin xəbəri olmadan onun oğlundan hissə-hissə olmaqla 26 182 manat pul alıb. Vüqar Allahverdiyev pulları göndərdiyi kart hesabına köçürtdürüb. Lakin sonradan onun özünün həbsxanada olması və dediklərinin yalan olmazı üzə çıxıb.

Araşdırmalar zamanı Vüqar Allahverdiyevin 2012-ci ildə külli miqdarda dələduzluq əməli törətdiyinə görə həbs edildikdən sonra müxtəlif cəzaçəkmə müəssisələrində ümumilikdə 6 dəfə müxtəlif məhbuslara qarşı eyni əməli törətməsi üzə çıxıb. Məlum olub ki, hər dəfə Vüqarın cəza çəkdiyi müəssisə dəyişdirilsə də, o, başqa məhbuslar taparaq onları əfvə saldırmaq, cəzanın azaldılması və digər vədlərlə aldadaraq külli miqdarda pul alıb.

Bununla əlaqədar 5 dəfə V.Allahverdiyev barəsində ayrı-ayrılıqda cinayət işləri açılıb və hər dəfə onun cəza müddəti artırılıb. Lakin keçmiş MTN zabiti köçürüldüyü yeni müəssisədə də oxşar əməllərə davam edib.

O, ifadəsində pulları şəxsi ehtiyacları üçün aldığını bildirib.