Masallı Rayon Məhkəməsində qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmədə təqsirləndirilən Mahmud Mahmudovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Stopnarkotik.az pravda.az-a istinadən bildirir ki, sonuncu keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Mahmud Mahmudovun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbirinin seçilib. O, dərhal məhkəmə iclas zalında həbs olunub. Şirvan Apellyasiya Məhkəməsi isə Mahmud Mahmudovun şikayətini təmin etməyib. İttihama görə, 1993-cü il təvəllüdlü Mahmud Mahmudov 05 iyul 2015-ci il tarixdə, saat 10 radələrində yaşadığı Masallı rayonu, Təklə kəndində olan evində olarkən həmkəndlisi və dostu Əfrayıl Məmmədov ona zəng edərək görüşmək istədiyini bildirib. O, yaşadığı evdən çıxıb kəndarası yolla gedərkən Əfrayıl idarə etdiyi “VAZ-21011” markalı avtomobillə yanına gəlib. Mahmud avtomobilə əyləşib və onlar kənddən aralıda yerləşən əkin sahəsinə tərəf gediblər. Əfraildən görüşmək istəməsinin səbəbini soruşduqda o, bir az əvvəl əmisi qızı Səidə Cəfərovanı əkin sahəsində bıçaqla vuraraq öldürdüyünü, meyitini orada saxladığını və üzərini örtdüyünü deyib. Mahmud Mahmudov avtomaşından düşərək orada arxası üstə uzadılmış Səidə Cəfərovanın qana bulaşmış vəziyyətdə olan meyitini görüb, Əfrailin cinayət törətməsinə tam əmin olub. Daha sonra Əfrayıl Məmmədov qadının meyitini basdırmaqda ona köməklik etməsini istəyib. Lakin o, bundan imtina edərək piyada sahənin baş tərəfinə doğru getməyə başlayıb. Əfrayıl Səidənin meyitini avtomobilin yük yerinə qoyub maşını idarə edərək onun yanında saxlayıb. Mahmud da avtomobilə əyləşib. Əfrayıl avtomobili idarə edib özlərinə məxsus əkin sahəsinə gedərək su kanalın yaxınlığında saxlayıb, yenidən ondan meyiti basdırmağa kömək etməsini istəyib. Mahmud isə bunu etməyərək oradan uzaqlaşıb yaşadığı evə gəlib. Təxminən 30 dəqiqə sonra Əfrayıl onun yaşadığı evə gələrək törətdiyi cinayəti gizlətmək məqsədilə əynində qana bulaşmış vəziyyətdə olan paltarları çıxararaq Mahmudun köynəyini geyinib. Həmin paltarları və avtomaşının yük yerində saxladığı Səidə Cəfərovaya məxsus bir cüt şəpidi evin həyətində yandırıb. Bununla da o, Əfrayıl Məmmədovun əmisi qızı Səidə Cəfərovanı öldürməklə xüsusilə ağır cinayət törətdiyini bildiyi halda bu barədə hüquq-mühafizə orqanlarına və digər aidiyyəti orqanlara heç bir məlumat verməyərək qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlədib.
Qeyd: Rəsmi məlumata əsasən, 5 iyul 2015-ci ildə Masallı rayon sakini Səidə Cəfərovanın evdən çıxaraq bir daha geri qayıtmaması faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb istintaq aparılsa da, Səidə Cəfərovanın tapılması mümkün olmadığından iş üzrə icraat dayandırılıb. Lakin sonradan Səidə Cəfərovanın öldürülməsinə əsaslı şübhələr müəyyən edildiyi üçün, 8 fevral 2022-ci ildə iş üzrə icraatın dayandırılması haqqında qərar rayon prokurorluğu tərəfindən ləğv edilməklə iş üzrə icraat təzələnib. Həyata keçirilmiş kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, Masallı rayonu, Təklə kənd sakini Əfrail Məmmədov qeyd edilən tarixdə əmisi qızı Səidə Cəfərovanı idarə etdiyi avtomobil ilə Təklə kənd ərazisində yerləşən əkin sahəsinə apararaq orada şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla onun boğaz nahiyəsinə bir dəfə qəsdən vurmaqla öldürüb. Daha sonra sonuncunun meyitini çayın kənarındakı qamışlıq ərazidə gizlədib, təxminən 25-30 gün sonra cəsədi gizlətdiyi yerə gedərək sümüklərin göründüyünü görüb. O, cinayətini gizlətmək məqsədilə balta vasitəsi ilə meyitin baş hissəsini ayıraraq torpaq sahəsinə basdırıb, digər sümükləri isə təxminən 500-600 metr kənarda tullantılar olan ərazidə üzərinə benzin tökməklə tam yandırıb. Əfrail Məmmədov iş üzrə dindirilərkən törətdiyi əməli etiraf edib, ifadəsində qeyd etdiyi meyitin basdırıldığı yerə baxış keçirilib, aşkar edilmiş insan sümük fraqmetlərinə bənzər qalıqlar müvafiq qaydada qablaşdırılaraq götürülüb. İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Əfrail Məmmədova Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 245-ci (meyit üzərində təhqiredici hərəkətlər etmə) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Daha sonra Mahmud Mahmudov da bu iş üzrə cinayət məsuliyyətinə cəlb edilib. Onun cinayət işi ayrıca icraata ayrılıb.
Xatırlatma: Əmisi qızını amansızlıqla öldürməkdə təqsirləndirilən Əfrayıl 2021-ci ildə Xoşqədəm Hidayətqızının verilişinə çıxıb və soyuqqanlı şəkildə Səidənin harada olmasından xəbərsiz olduğunu deyib. 2000-ci il təvəllüdlü Səidənin anası Bibixanım Cəfərovanın iddialarını inkar edən Əfrayıl qızın itkin düşməsindən bir neçə gün əvvəl onunla mübahisə etdiyini və bu zaman ona sadəcə 2 dəfə şillə vurduğunu bildirib: “Mən ona başqa heç nə etməmişəm, deyirlər guya 10 kiloluq dəmirlə vurmuşam, amma bunların hamısı yalandır”.
Səidə Cəfərovanın anası isə həmin vaxt qızının hər gün yaşadıqlarını gündəliyə yazdığını, orada Əfrayıl tərəfindən hətta təcavüzə məruz qaldığını qeyd etdiyini bildirib.