“MEYXANDA ƏDƏB-ƏRKAN İTİB” – Elşən Binəqədi: “Əvvəllər böyüyə-kiçiyə hörmət vardı...” / II HİSSƏ

“Meyxanaçı əslində tənqidçi olmalıdır; tənqid etməyənlər öz mənafelərini güdürlər”

“Bizim vaxtımızda Aydın, Namiq Qaraçuxurlu körpə idilər...”

Elşən Binəqədi. Söz sərrafı. Şair. Meyxanaçı. 14-15 yaşlarından şeir yazmağa, meyxana söyləməyə başlayan müsahibimiz hazırda “Çıxış Yolu” Reabilitasiya Mərkəzində içki asılılığından (alkoqolizmdən) müalicə olunur.

Meyxanaçı hesab edir ki, onun alkoqol asılısına çevrilməsi uşaq yaşlarından aldığı travmalarla əlaqədar olub. Hətta bu səbəbdən 17 il məhbus həyatı yaşadığını da deyir.

E.Binəqədi bildirir ki, hələ 7 yaşı olanda atası rəhmətə gedib. Bundan sonra həyatında iztirablı günlər başlayıb.

Ailədə 7 qardaş olduqlarını deyən həmsöhbətimiz vurğulayır ki, o, ən kiçikləri olub, hazırda yalnız böyük qardaşı sağdır, qalan 5 qardaşı müxtəlif səbəblərdən dünyasını dəyişib.

Elşən Binəqədi deyir ki, ailə həyatı qursa da, bəzi səbəblərdən həyat yoldaşından ayrılıb. O, etiraf edir ki, bu məsələdə də içki aludəçisi olması müəyyən qədər rol oynayıb. Hazırda 15 yaşlı qızının olduğunu söyləyən E.Binəqədi bildirir ki, keçmiş həyat yoldaşı ilə heç bir əlaqəsi olmasa da, övladı ilə tez-tez görüşür, ona dəstək olmağa çalışır.

Müsahibimiz qeyd edir ki, narkotik də istifadə edib, amma, necə deyərlər, sadəcə dadına baxıb və bu, ona xoş gəlməyib.

Buyurun, meyxananın ona Allah vergisi olduğunu bildirən Elşən Binəqədi ilə müsahibəmizin İKİNCİ HİSSƏsini izləyin.

Stopnarkotik.az